VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il oktyabrın 31-i saat 22 radələrində Quba rayon Barlı kənd sakini, 1991-ci il təvəllüdlü Zeynab İmanquliyeva qətlə yetirilib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan polis və prokurorluq əməkdaşları mərhumun meyitini evin döşəməsində, uzanıqlı vəziyyətdə aşkar ediblər.

Kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəm İmanquliyev etiraf edib ki, yaranmış mübahisə zamanı qızını əlləri ilə boğaraq qətlə yetirib.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Zeynəb İmanquliyevanın ölümünə - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

İstintaqla müəyyən edilib ki, oktyabrın 31-i saat 22 radələrində Məhərrəm İmanquliyevin qızı ərinə xəyanət edib.

Boşandıqdan sonra onunla bir evdə yaşayan qızı Zeynəbin həyətdəki ayaqyolunda, istifadə etdiyi mobil telefonla kiminləsə xəlvəti şəkildə danışdığını eşidib.

Qızı ayaqyolundan çıxdıqdan sonra ondan kiminlə danışdığını soruşub, lakin Zeynəb kimləsə danışdığını inkar edib. Buna baxmayaraq qızının telefonla danışmasına əmin olduğu üçün onu evin içərisinə apararaq üst-başını yoxlayıb və üzərindən bir ədəd “Samsung” markalı mobil telefonu tapıb.

Qızının əvvəllər də oxşar hərəkətlərə yol verdiyinə görə kənd camaatı arasında şəxsi nüfuzunun ləkələnməsini düşünərək hiddətlənib və qısqanclıq niyyəti ilə qızını öldürmək qərarına gəlib.

Bu məqsədlə Zeynəbi arxası üstə yerə yıxıb, sinəsində oturaraq qollarını dizlərinin altına qoyub əlləri ilə boğaz nahiyəsindən sıxıb. Bu hərəkəti ilə o, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Məhərrəm İmanquliyev bildirib ki, Barlı kəndindəki evində həyat yoldaşı, oğlu və qızı ilə yaşayıb.

Zeynab təxminən 2010-cu ildə Xaçmaz rayon sakini Vasif Babayevlə ailə həyatı qurub və nigahdan 2 övladları dünyaya gəlib. 2017-ci ildə Zeynəb ər evindən qaçıb, bir neçə dəfə yoldaşı onun telefonunda yad kişilərin nömrəsini görüb.

Bu zəmində aralarında yaranan mübahisələrdən sonra onlar boşanıblar. Qızının, ərinə qarşı etdiyi hərəkətlərə görə ayrılmalarına etiraz etməyib, bütün səhvlərin övladında olduğunu görüb. Boşandıqdan sonra Zeynəbi öz evinə gətirib, uşaqlar isə Vasifin evində qalıb.

Evə gətirərkən qızına əxlaqsızlıqla məşğul olmamasını, ər evində etdiyi xoşagəlməz hərəkətləri təkrarlamamağı, onu camaat arasında biabır etməməyi tapşıraraq nəsihətlər verib. Sonuncu da həmin hərəkətləri təkrarlamayacağına dair söz verib.

Buna baxmayaraq, Zeynəb yenə də xoşagəlməz hərəkətlərini davam etdirib. Hətta bir dəfə yatdığı otağın pəncərəsinin dəmir barmaqlığını gecə vaxtı sökərək çıxıb, gedib və uzun müddət evə qayıtmayıb.

Bununla bağlı o, RPŞ-nə müraciət edərək, ərizə yazıb. Aparılmış araşdırma nəticəsində məlum olub ki, qızı Bayram adlı Xaçmaz rayonunun Müzəffəroba kənd sakini ilə qaçıb.

Yenə də, Zeynəbi tənbeh edib, eyni hərəkətlər etməməsini, buna görə kənd sakinləri arasında biabır olduğunu söyləyərək, onu bağışlayıb.

Qızı boşanıb evinə qayıdanda üzərində mobil telefonu olmayıb. Kənar şəxslərlə danışmaması üçün Zeynəbə telefon işlətməyə icazə verməyib.

Qızına yalnız qardaşı ilə birlikdə bağlarda meyvə yığmasına icazə verib. Oktyabrın 31-i saat 21 radələrində arvadı və oğlu qonşuluqda yaşayan qardaşının evinə gediblər. Ayaqyoluna getmək üçün talvarın altına keçdikdə Zeynəbin orada olmadığını görüb.

Aayaqyolundan qızının səsinin gəldiyini eşidib ora yaxınlaşanda, onun kiminləsə telefonla danışmasını eşitib. Danışığını qurtarıb, ordan çıxanda ondan kiminlə danışmasını soruşub. Qızı heç kəslə danışmadığını bildirdikdə hər şeyi eşitdiyini və yalan danışa bilməyəcəyini bildirib.

Evin içərisinə aparıb ondan telefonu tələb edəndə, Zeynəb telefonu olmadığını söyləyib. Üzərini axtaranda qara rəngli mobil telefon tapıb.

Əsəbləşərək, onu kənd camaatı arasında hörmətdən saldığını və biabır etdiyini deyib. Zeynəbi tutaraq yerə yıxıb, əlindən qaçmaması üçün sinəsinin üstündə oturub və qollarını dizlərinin altına salıb, əlləri ilə boğazından sıxaraq, boğmağa başlayıb.

Xırıldamasını eşidib, ayağa qalxıb və sağ ayağı ilə boğazından möhkəm sıxaraq onu öldürüb. Evdən çıxaraq qardaşıgilə tərəf gedib, yoldan həyat yoldaşını və oğlunu səsləyərək, evə çağırıb. Onlara Zeynəbin meyitini göstərərək onu öldürdüyünü bildirib.

Arvadı ağlayaraq Zeynəbin bədəninin isti olduğunu söyləyərək, Təcili tibbi yardım çağırmaq istədikdə, buna artıq ehtiyac olmadığını deyib. “102” xidmətinə, sonra isə kəndin bələdiyyə sədrinə və qardaşı oğluna zəng edib qızını öldürməsi barədə məlumat verib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülzarə İmanquliyeva ifadəsində göstərib ki, 2017-ci ildə kürəkəni Vasif arvadının Xaçmaz rayonunun Müzəffəroba kəndindən olan Bayram adlı dostu ilə gizlindən telefonla danışmasını eşitib.

Qızı özünü öldürəcəyini deyərək Vasifi də qorxutub, buna görə də o, arvadını bağışlayıb. Bir neçə gündən sonra Zeynəb Bayrama qoşularaq evdən qaçıb. Amma 3 gündən sonra geri qayıtıb və əri yenə də onun günahından keçib.

2018-ci ildə məhkəmə qaydasında boşanmadan sonra həyat yoldaşı Məhərrəm bağışlayaraq, Zeynəbi evə gətirib və ona bir daha əxlaqsız hərəkətlərə yol verməməsini tapşırıb. Qızı ilk vaxtlar özünü yaxşı aparıb, amma bir müddətdən sonra evdən qaçıb.

Daxil olan ərizə əsasında polis əməkdaşları müəyyən ediblər ki, Zeynəb Köhnə Xaçmaz kəndindədir. Bunlara baxmayaraq yoldaşı övladını bağışlayıb və bir daha biabr etməməsini tapşıraraq, onu təhbeh edib. Son vaxtlar ona tək harasa getməyə icazə verməyib.

Oktyabrın 31-də oğlu ilə mərhum qaynının evinə gedəndə, qızı talvarın altında tərəvəz doğramaqla məşğul olub, əri isə televizora baxıb.

Təxminən 1 saatdan sonra Məhərrəm gələrək onu və oğlunu evə çağırıb. Əri hər axşam çayxanaya getdiyinə görə qızı evdə tək qoymamaq üçün onları çağırdığını düşünüb. Evə daxil olanda Məhərrəm Zeynəbin mətbəxdə olduğunu deyib.

Ora keçəndə qızını yerdə hərəkətsiz vəziyyətdə olduğunu görüb nə baş verdiyini soruşub. Məhərrəm Zeynəbi telefonla danışarkən tutduğunu, telefonu əlindən aldığını və əlləri ilə onu boğub öldürdüyünü deyib.

Məhkəmə iclasında Məhərrəm İmanquliyev ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

Məhkəmə nəticəyə gəlib ki, Məhərrəm İmanquliyevin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif edilib və o, həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İmanquliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO