VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ordusunun dinc azərbaycanlıları getdikcə daha intensiv şəkildə hədəfə alması onun faşist-terrorçu mahiyyətinin təsdiqi olmaqla yanaşı, həm də Azərbaycan ordusu ilə bacarmadığına görə tətbiq etdiyi yeni uğursuz taktikalardan biridir.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistanın hərbi və siyasi rəhbərliyi aydın görür və qəzəblənir ki, bütün sivil Azərbaycan cəmiyyəti, o cümlədən onun bir parçası olan sərhədyanı və təmasyanı xəttə yaxın yaşayan dinc azərbaycanlılar heç nəyə baxmadan yaşayış yerlərini tərk etmir, bir nəfər kimi Azərbaycan ordusuna bütün mümkün dəstəyini və həmrəyliyini göstərir:

"Ermənistan ordusu və baş nazir öz vətəninə və milli amallarına dönmədən bağlı olan dinc azərbaycanlılardan ən barbar üsullarla qisas alır. Dinc azərbaycanlılarla qanlı və qisasçı davranış, təəssüf ki, Ermənistan dövlətinin öz hədəflərinə yetişmək üçün daim işlətdiyi cinayətkar taktikaya çevrilib.

Əgər dünya və beynəlxalq vasitəçilər son illərdə Ermənistanın sərhəddə və təmas xəttində azərbaycanlı uşaqları, qadın və yaşlıları daha intensiv qətlə yetirməsinə lazımi müqaviməti göstərsəydilər, bu günlərdə Tərtər və digər rayonlarımızın kəndlərində azərbaycanlıların ailəliklə qətlə yetirilməsi kimi insanlıq tarixində az-az rast gəlinən ağlasığmaz cinayətlərin qarşısını ala bilərdik.

Dünya bir daha anlamalıdır ki, 28 il əvvəl erməni terror dəstələrinin törətdikləri Xocalı faciəsini genosid aktı kimi tanımayan dövlətlər dünya tarixinin hansı insanlıq faciəsinə cinayətkarcasına laqeyd qalıblar və Xocalını genosid kimi tanıyan ölkələr bəşəriyyət qarşısında hansı mütərəqqi işə imza atıblar".

Baş redaktor deyib ki, Ermənistanın faşist hərbi-siyasi rəhbərliyi dinc azərbaycanlıları daha çox hədəf almaqla hansı cinayətə yol verdiyini anlamır:

"Lakin bu cinayətkar siyasət getdikcə Ermənistanın özünü və erməni xalqını daha ağır fəlakətlərə sürükləyir.

Ermənistanın dinc azərbaycanlıları qətlə yetirməsi onun öz mahiyyətini dünya qarşısında ifşa edən prosesə çevrilir. Eyni zamanda Ermənistanın dövlət rəhbərləri dinc əhalini amansız bombardmanlarla və gülləbaranlarla qətlə yetirməklə azərbaycanlıları sərhəd və təmasyanı xəttə yaxın bölgələri tərk etməyə məcbur qoymaq istəyirlər. İndiyə qədər bircə nəfər belə azərbaycanlı dinc sakinin atəşaltı bölgələri tərk etməməsi bir daha sübut edir ki, işğalçı Ermənistanın bu planı da iflasa uğradı.

Ermənistan rəhbərlərinin dinc azərbaycanlıları insanın gözünü qorxudan ən qəddar üsullarla qətlə yetirməklə sərhəd və təmasyanı bölgələrimizi boşaltmaq planları puç oldu. Ermənistanın Azərbaycana qarşı təkcə ərazi iddiaları ilə yox, həm də etnik qisasçı müharibə apardığını dünyada görməyən yoxdur.

Ermənistanın cinayətkar rəhbərlərinin anlamaq istəmədiyi bir həqiqət də odur ki, uşaqlarımızın, yaşlılarımızın və qadınlarımızın qətl hədəfi seçilməsi Azərbaycan xalqını qətiyyən qorxuda və güzəştlərə vadar edə bilməz. Azərbaycan ordusunun bu gün cəmiyyətin fəal və fasiləsiz artan dəstəyi ilə hər bir kənd, məhəllə uğrunda yorulmadan döyüşməsi onun təsdiqidir ki, biz bir günlük, beş günlük döyüş yoluna yox, torpaqlarımızın hamısının azad olunmasına imkan verən son şəraitin yaradılmasına qədər gedən yola çıxmışıq".

Ekspert deyib ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi Ermənistanın irimiqyaslı hərbi təxribatını çox uğurlu müqavimət və əks-hücum müharibəsinə çevirə bildi: "Düşmənin təxribatından doğan Azərbaycanın ədalətli əks-hücum müharibəsi hədəflərə tam çatmadan dayana bilməz".

BAKU.WS