SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin Bakıdakı görüşündə Rusiya XİN başçısı Sergey Lavrov razılaşmanın komponentlərinin hazır olduğunu bildirib. Lavrovun bu açıqlamasından dərhal sonra Ermənistan XİN sözügedən danışıqların Kazan sənədinə əsasən aparılacağını söyləyib. 
 
Sözügedən sənəd Qarabağın nizamlanmasına dair danışıqları ehtiva edir. Hələ 2011-ci ildə Kazan sənədi ətrafında danışıqlar aparılıb. Kazan sənədi Madrid prinsiplərinə əsaslanır və münaqişənin həllinin üç əsas prinsip üzərində həllini nəzərdə tutur - millətlərin öz müqəddəratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtina. O vaxt Azərbaycan prezidenti son anda sənədi imzalamaqdan imtina etmişdi. 
 
Kazan sənədinə əsasən, Dağlıq Qarabağın ətraf rayonları 5+2, yəni mərhələli şəkildə həll olunur. Belə ki, ilkin mərhələdə 5 rayon işğaldan azad edilir. Daha sonra 2 rayon və Dağlıq Qarabağın statusu müəyyənləşdirilir. Palitoloq Qabil Hüseynli BAKU.WS-ə açıqlamasında bildirib ki, indi ruslar bu senarini işə salmağa çalışır. Ancaq senari indiki reallığa uyğun deyil: "Rusiya atəşkəsi əldə etməyə nail ola bilməsəydi, biz Qarabağı 10 gün ərzində ala bilərik. Tamamilə erməniləri vurub sərhəddən çıxardacaqdıq və bununla da heç bir danışığa ehtitac qalmayacaqdı". 
 

  

Politoloq hesab edir ki, dövlət başçısının ABŞ səfəri zamanı ermənilər məhz rusların sifarişi ilə cəbhə xəttində təxribata əl atıb: "Bu addım prezidentimizin Vaşinqton səfərinə cavab olaraq atılıb. Ermənilərin planında Tərtərdən keçərək Bərdə-Yevlax yoluna çıxaraq Azərbaycanın qərb və şərq istiqamətləri arasındakı əlaqəni kəsməyi nəzərdə tuturdu. Bakı-Tiblisi-Ceyhan, TANAP və İpək Yolu kimi böyük layihələrə təhlükə yaratmaq istəyirdilər. Azərbaycan kəşfiyyatı yaxşı işlədi və ermənilərin bu planını əvvəlcədən öyrəndi. Bundan sonra əks cavab həmləsi hazırlandı və böyük uğurla həyata keçirildi. Belə olan şəraitdə Azərbaycan üçün atəşkəsin əldə edilməsi arzu edilən deyil. Danışıqlar zamanı Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində müzakirələr olunmalıdır". 
 
Ekspertin sözlərinə görə, münaqişənin həlli üçün ən real variant 7 ətraf rayonun qeyri-şərtsiz işğaldan azad edilməsi və yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Statusu da biz özümüz müəyyən etməliyik. Bu isə Azərbaycanın unitar dövlət quruluşuna xələl gətirməməlidir".
 
Şahin Həbibov
BAKU.WS