VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, 12 mayda Bişkek protokolu imzalanmasından 25 il ötdü. Müqavilə 20 il üçün nəzərdə tutulsa da, yeni vəziyyət yaranana və yeni saziş imzalanana qədər Bişkek protokolu qüvvədədir.

Əslində isə hazırkı situasiyada Dağlıq Qarabağ münaqişəsini nizamlayan saziş qüvvədə yoxdur. Azərbaycan da işğal olunmuş torpaqlarında hərbi əməliyyatlar başlatmaq üçün heç bir dövlət və qurum qarşısında məsuliyyət daşımır. Lakin, dövlət rəhbərləri arasındakı görüşlərdə də atəşkəs rejiminin qüvvədə saxlanılması və sülh yollarının axtarılması ilə bağlı fikirlər səsləndiriblər.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyev işğal olunmuş torpaqların gec-tez azad edilməsi ilə bağlı dəfərlərlə bəyanat verib. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Bişkek protokoluna bağlı olaraq hansısa addım atmır.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov BAKU.WS-ə açıqlamasında atəşkəsin razılaşdırıldığı ilk günlərdən bu günə qədər Ermənistanın həmişə öz mövqeyində qaldığını və sadəcə vaxt udmağa çalışdıqlarını bildirib:

“Vaxtı uzatdıqca da Dağlıq Qarabağa hansısa statusun verilməsinə nail olacaqlarına ümid edirlər. Onlarda rəhbərliklər dəyişib, lakin Dağlıq Qarabağla bağlı bu mövqeləri dəyişməz qalıb və dəyişməyəcək.

Ancaq Azərbaycan üçün bu problemin həllinin bir yolu var: o da güc yoludur. Tarixi proseslər də bunu sübut edir. Ölkəmizin bugünkü hərbi və iqtisadi gücü, geosiyasi arenadakı yeri onu göstərir ki, üstünlük Azərbaycanın tərəfindədir”.

Bu məqamda qeyd edək ki, son illərdə, xüsusi ötən ilin ikinci yarısından etibarən Azərbaycanın yerləşdiyi regionda siyasi proseslər aktivləşib. ABŞ-ın müxtəlif yollarla İranı blokadaya almağa çalışması və hərbi əməliyyatlar keçirə biləcəyi barədə hədə-qorxu gəlməsi regionumuzda yeni müharibə ocağının yaranmasına səbəb ola bilər. Belə situasiya yaranarsa, İranın siyasi və iqtisadi müttəfiqi olan Rusiyanın hansı addım atacağı da Azərbaycan üçün önəm kəsb edir.

Gərgin siyasi proseslər fonunda böyük dövlətlərin Ermənistanı himayə etməyə davam edəcəyi isə sual altındadır.

Ş.Ramaldanovun sözlərinə görə, artıq Ermənistan və onların havadarları narahatdır:

“Çünki qısamüddətli Aprel döyüşləri göstərdi ki, bu, nə vaxtsa genişmiqyaslı əməliyyatlara çevrilə bilər. Sadəcə Azərbaycan geosiyasi arenada öz məqamını gözləyir. Həmin məqam yetişən kimi, lazımı addım atılacaq.

Biz bunu da unutmamalıyıq ki, bu münaqişənin həllində Rusiya əsas rol oynayır. Həm də bilir ki, torpaqlarımız Rusiyanın apardığı siyasət və Ermənistana verdiyi dəstək nəticəsində işğal olunub. Bu bir danılmaz faktdır ki, Ermənistan təkbətək Azərbaycan torpaqlarını tuta bilməz. Amma gələcəkdə Rusiyanın Ermənistana hansı formada dəstək verəcəyi sual altındadır. Bu gün Ermənistanın ikiüzlü siyasətinə görə, havadarlarının da onlara müəyyən soyuq münasibəti hiss olunur”.

Fərid Ədalət
BAKU.WS