Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərkən kəndlərarası yollarda quraşdırılmış Ermənistan istehsalı olan tank əleyhinə minalar aşkar ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 23-də Xocavənd RPŞ-nin əməkdaşları xidməti ərazidə nəzarət-profilaktik tədbirlər keçirərkən Ağcakənd kəndinə gedən yolda basdırılmış 2 ədəd tank əleyhinə mina aşkar ediblər.

Dərhal bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman daha 3 ədəd tank əleyhinə mina aşkar edilib.

Aşkar edilmiş 5 mina zərərsizləşdirilib.

İyunun 24-də rayon ərazisində baş vermiş yanğın ilə əlaqədar Xocavənd RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gedərkən Düdükçü-Edilli kənd yolunda daha 2 ədəd tank əleyhinə mina aşkar ediblər.

Bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Minaların ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

BAKU.WS
QALEREYA