Xəzərin qanlı nefti: 10-cu platforma niyə yandı?
Vaxtilə "Günəşli” yatağındakı platformaların birində təmir işlərində iştirak etmiş BP mütəxəssisi də dayaqların necə köhnəldiyini, avadanlıqların istismar müddətini başa vurduğunu, təhlükəsizlik və yanğın əleyhinə sistemlərin necə bərbad olduğunu görəndə dəhşətə düşdüyünü xatırlayır.
SOCAR vaxtaşırı olaraq "28 may” NQÇİ-nin istismarında olan "Günəşli” yatağında platformaların təmiri barədə məlumatlar yayırdı. Bu məlumatlara əsasən "Günəşli” yatağındakı 11 dərin dəniz özülündən bir neçəsində təmir işləri aparılıb, yanğın təhlükəsizliyini təmin etmək üçün avtomatik işə düşən sistemlər quraşdırılıb. Ancaq təmir aparılan və yanğın təhlükəsizliyi sistemi yenilənən platformalar arasında 10-cu platformanın olduğunu təsdiqləyən məlumata rast gəlmədik.
Əslində isə neftçilər deyirlər ki, platformalarda vaxtaşırı olaraq aparılan təmir işləri də problemi aradan qaldırmır. Çünki bu platformaların əksəriyyəti istismar müddətini başa vurub və onları yeniləmək lazımdır. Platformalarda yanğın təhlükəsizliyi sistemi bərbad vəziyyətdədir, xilasetmə avadanlıqları isə çatışmır, yaxud köhnəlib. Lakin SOCAR-ın neft hasilatının 65 faizi "Günəşli” yatağının payına düşdüyündən belə görünür ki, şirkət üçün nefti çıxarmaq işçilərin həyatından daha çox əhəmiyyət kəsb edirdi. Nəticədə Xəzərdən neft çıxarmaq Afrikanın almaz yataqlarından almaz çıxarmaq qədər təhlükəli və qanlı-qadalı işə çevrilib.
Elə "Günəşli” yatağındakı platformada yanğından cəmi bir gün əvvəl, Xəzərdə güclü tufan başlayanda "Neft daşları”ındakı platformaların birindən güclü külək neftçilərin yaşayış köşkünü içindəki 3 neftçi ilə birlikdə qoparıb dənizə atdı. Nəticədə 3 neftçi Xəzərin buz sularında boğularaq həyatını dünya bazarında dəyərini itirməkdə davam edən "qara qızıl”a qurban verdi.
Bu hadisənin səbəbi kimi güclü külək göstərilir, ancaq neftçilərin yaşayış budkası qarışıq dənizə düşməsində əslində platformadakı materialların çürüyüb köhnəlməsinin və təhlükəsizlik normalarının pozulmasının səbəb olduğunu kim istisna edə bilər?
Platformaların çoxunun istismar müddətini başa vurması ilə yanaşı oradakı xilasedici qayıqlar da köhnəlib. Bunu dolayısı ilə SOCAR-dan yayılan məlumatlar da təsdiq edir. İki il əvvəl SOCAR-dan yayılan açıqlamada deyilir ki, "28 May” NQÇİ-nin Günəşli yatağında yerləşən dərin dəniz özüllərində uzun müddət istismarda olan xilasedici qayıqların yenisi ilə əvəz olunması üçün 44 AT-42 markalı xilasedici qayıq alınıb.
Bu qayıqlar Rusiya istehsalıdır. Ancaq həmin qayıqların "Günəşli” yatağındakı platformaların xilasedici qayıqlara olan tələbatını nə dərəcədə ödədiyi məlum deyil. Habelə 10-cu platformada işçilərin sayı ilə xilasedici qayıqların tutumu arasında nədən dəfələrlə fərq yarandığını da xüsusi komissiya araşdırmalıdır.
İndi 10-cu platformada baş vermiş bu faciə şübhəsiz ki, SOCAR-ın imicinə ciddi zərbə vurmuş oldu. Eyni zamanda hadisənin güclü tufan şəraitində baş verdiyi danılmaz olsa da heç şübhəsiz ki, təhlükəsizlik normalarının pozulması və vəzifəli şəxslərin ciddi səhlənkarlığa yol verməsi də bu faciəyə aparan səbəblər arasındadır.
Mətbuatın xronikasına qısa nəzər salmaq kifayətdir ki, "28 may” NQÇİ-nin platformalarında təhlükəsizlik normalarının kobud şəkildə pozulması, növbəni başa vuran fəhlələrin quruya daşınması üçün gəmilərin bəzən həftələrlə gəlmədiyi, avadanlıqların köhnəlməsi və vəzifəli şəxslərin səhlənkarlığına dair yaxın keçmişdə qeydə alınmış çoxsaylı şikayətlərə rast gələsən...
Virtualaz.org
BAKU.WS
Oxşar xəbərlər
Xilas edilən neftçi hadisənin necə baş verdiyini danışdı (VİDEO)
"Günəşli" dəniz yatağında baş vermiş yanğından xilas edilən neftçilərdən biri ANS-ə danışıb. Başından kəllə-beyin travması alan Rəşid Hüseynov bildirdi ki, güc...