Xəzərdəki faciədə itkin düşən neftçilərdən biri tapıldı
"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir.
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 15:00-a olan məlumata görə, itkin düşən neftçilərdən birinin, Ələt qəsəbəsinin sakini İlham Qafarovun meyiti tapılıb. Onun meyiti gəminin göyərtəsindədir. Axtarışlar davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir", - deyə B. Ağarəhimov bildirib.
Qurum rəsmisi qeyd edib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar öncədən müvafiq tədbirlər görülüb: "Lakin küləyin sürəti saniyədə 41 metr olub".
Onun sözlərinə görə, estakada 1978-ci ildə istismara verilib: "Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir cari ilin avqust ayında aparılıb".
Xatırladaq ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloğlan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev itkin düşmüş neftçilərlə bağlı göstəriş verdi
Dövlət başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib. BAKU.WS azərtac-a istinadən xəbə...