Xronika: SSRİ rəhbərliyinin ədalətsizliyinə görə azərbaycanlılar Türkiyədən kömək istəyirdilər
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tibb elmləri doktoru, professor, Əməkdar həkim Kamran Musayev olub.
O, Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndindən söhbət açıb. Bildirib ki, 15 yaşı tamam olan kimi bu kənddə yaşayıb, 8-ci sinifi bitirdikdən sonra isə Bakıya gələrək təhsilini burada davam etdirib, ali məktəbə qəbul olub. K.Musayev bu gün Göllünün, o cümlədən yaşayış məntəqəsindəki maddi-mədəniyyət abidələrinin, mənəvi irsin erməni vandalizminə məruz qaldığını dilə gətirib.
Əməkdar həkim qeyd edib ki, hələ sovetlər birliyi dövründə Amasiya rayonunda, həmçinin Gümrü şəhərində yaşayan azərbaycanlılar daim ermənilərin təqibləri, ayrı-seçkilikləri ilə üzləşiblər. 1980-ci illərin sonlarında bu yanaşma daha da kəskinləşib. Rayon və şəhər mərkəzinə gedən azərbaycanlılar döyülüb, müxtəlif fiziki-mənəvi zorakılıqlara məruz qalıblar. Hətta cəzasızlıq mühitindən sui-istifadə edən erməni silahlı dəstələri azərbaycanlılar yaşayan kəndlərə basqın ediblər.
Professorun sözlərinə görə, vəziyyətin getdikcə daha da mürəkkəbləşdiyini görən soydaşlarımız Türkiyə ilə sərhəddə mitinqlər keçirib, qardaş ölkədən kömək istəyiblər. Çünki SSRİ rəhbərliyi bütün proseslərdə ədalətli mövqe sərgiləməyib, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə göz yumub. Nəticədə 1987-1991-ci illərdə 300 mindən çox soydaşımız kimi, amasiyalılar, o cümlədən Göllü sakinləri də ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıblar. İndiyə qədər də Qərbi Azərbaycanın tarixi sakinləri el-obasına, doğmalarının uyuduğu torpaqlara həsrət qalıblar.
Tibbdə erməni xəstəliyinin müalicəsinin olmadığını diqqətə çatdıran K.Musayev vurğulayıb ki, istər 1948-1953-cü illərin, istərsə də 1987-1991-ci illərin deportasiyasında ev-eşiyini, tarixən yaşadığı coğrafiyanı tərk edən soydaşlarımız məskunlaşdıqları Aran zonasında iqlim dəyişikliyinə məruz qalıblar. Bu dəyişiklik onların sağlamlığına ciddi təsir edib, hətta kütləvi ölümünə səbəb olub.
2020-ci ilin 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini xatırladan professor deyib ki, bu qələbə nəticəsində qalib xalqa çevrilməyi, qamətimizi düzəltməyi bacarmışıq. Alimin sözlərinə görə, hazırda qarşıda duran əsas strateji hədəf Qərbi Azərbaycana qayıdışdır. K.Musayev əminliklə söyləyib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu hədəfə də tezliklə çatacağımız şübhə doğurmur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Gəncədə infarkt keçirən sürücü qəza törədib
Gəncədə "Opel" markalı avtomobilin sürücüsü 1971-ci il təvəllüdlü Hafiz Məmmədov sükan arxasında infarkt keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...