Vəkil avtobus sürücüsünü döyən general oğluna bəraət istədi
01
dek
2017
18:39
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kənan Əliyev və Pərviz Abbasovun vəkili İlyas Kərimov müdafiə nitqi ilə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxslərin günahsız olduğunu və barələrində bəraət hökmünün çıxarılmasını istəyib. Sonra R. Orucovun vəkilləri Sadiq Rəsulov müdafiə çıxışı edib. O da R. Orucovun günahsız olduğunu və ona elan olunmuş ittiham üzrə bəraət verilməsini istəyib. Vəkil qeyd edib ki, R. Orucovun əməlində cinayət tərkibi yoxdur. R. Orucovun digər vəkili Kamandar Nəsibov isə hüquqlarını müdafiə etdiyi şəxsin maddəsinin sağlamlığa yüngül ziyan zərər vurma maddəsi ilə əvəzlənməsini istəyib. Proses dekabrın 8-də davam etdiriləcək. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.BAKU.WS
Oxşar xəbərlər
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.BAKU...