Toyda Kəmalə Günəşli ilə məclis sahibi arasında DAVA: Xəsarət alan var

Toyda Kəmalə Günəşli ilə məclis sahibi arasında DAVA: Xəsarət alan var
Hadisə 512

Sumqayıtın Nizami küçəsində yerləşən "Park Palace" şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarda qeydə alınıb.

Oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Kəmalə Ələsgər qızı Mirzəyevanın ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.

Toydan əvvəl V.Mikayılova K.Günəşlinin prodüseri ilə əlaqə saxlayaraq, onu toya dəvət edib və tərəflər 4 min manata razılaşıblar. Toy sahibi qarşı tərəfin kart hesabına elektron qaydada 300 manat beh göndərib. Dünən vədələşdikləri kimi müğənni şadlıq sarayındakı məclisə gəlib. Lakin bir qədər sonra məclis sahibi K.Günəşlinin yalnız fonoqram ifa etdiyini, arzuolunan mahnıları oxumadığını deyərək, ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib.

Bundan sonra onların arasında münaqişə yaranıb. İfaçı mikrofonla məclis sahibi haqqında təhqiramiz ifadələr işlədərək, onu digər qonaqların yanında alçaldıb. Hadisə həmçinin dava-dalaş, fiziki zorakılıqla müşayiət olunub.

K.Günəşli masadakı içki bakalını götürərək V.Mikayılovaya atıb. Bakal oradakı qohumlardan biri olan oğlanın sifətinə tuş gəlib və gənc xəsarət alıb.

Hadisədən sonra hər iki tərəf polisə müraciət edib. K.Günəşli vəd edilmiş pulu tələb edib. Qarşı tərəf isə müğənninin xuliqanlıq etdiyini və qonağa, eyni zamanda məclis sahibinə xəsarət yetirdiyini bildirib.

Məsələ ilə bağlı aidiyyəti üzrə ekspertiza təyin edilib və araşdırmalar aparılır.

Son xəbərlər