Sürücüdən tutmuş nazirə, generallara qədər: dövlət necə talan edilib...
KİV-lər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan və məhkəməsi keçmiş yüksək vəzifəli şəxslərinin ibtidai istintaqa verdikləri ifadələrdən epizodları yayır.
Virtualaz.org xəbər verir ki, bu ifadələrdə səslənən faktlar və rəqəmlər nazirlikdə hökm sürən dəhşətli korrupsiyanı gözlər önünə sərir. Belə məlum olur ki, rabitə sahəsindən daxil olan gəlirlər, habelə dövlət büdcəsindən Nazirliyə ayrılan vəsaitlər açıq-aşkar talan edilib, aylıq "paket”lər halında nazirliyin vəzifəli şəxsləri, o cümlədən keçmiş nazir Əli Abbasov arasında bölüşdürülüb. Habelə vəzifəli şəxslərin şəxsi xərclərinə, özlərinə villalar tikməsinə yönəldilib. Və bu nazirliyə "krışalıq” edən MTN-in generallarına da hər ay "haqq” ödənilib.
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərib ki, Nazirlikdə işlədiyi dövrdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəisi Beytulla Hüseynov 2009-cu ildə mənə ayda 200.000 manat, sonradan birliyin gəlirləri artdığından 2012-ci ildə aylıq olaraq 300.000 manat, bəzi hallarda, yəni həmin ilin yanvar-fevral aylarında 500.000-600.000 manat məbləğində pul verib. V.Zeynalovun bildirdiyin görə, Beytulla Hüseynov bu aylıq "haqqı” ona nazir Əli Abbasovun göstərişi ilə verirdi.
Belə məlum olur ki, hər ayın sonunda Beytulla Hüseynov Əli Abbasovun qəbuluna gələrək birliyin gəlirləri, verəcəyi pul barədə məlumat verib: "Beytulla Hüseynov nazirin qəbulundan çıxandan sonra mənimlə görüşürdü və bildirirdi ki, birliyin baş mühasibi Anar Mustafayev mənimlə əlaqə saxlayacaq. Bir müddət sonra Anar Mustafayev mənim yanıma gələrək birliyin gəlirləri, yuxarıda qeyd edilən pul məbləğlərini və yazılı qeydləri mənə verirdi. Mən də onun gətirdiyi məlumat əsasında birliyin gəlir və xərclərini hesablayıb ümumi məbləğ tərtib edib Əli Abbasova verirdim. Aldığım pulu isə otağımdakı seyfdə saxlayırdım”.
Bundan başqa, V. Zeynalov ifadəsində göstərib ki, aylıq pul verənlər BTRİB və "Aztelekom” MMC olub. "Azərpoçt” MMC-dən hər ay təqribən 50 min manat, Məlumat Hesablama Mərkəzindən hər ay 50 min manat, Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzindən isə 220.000-240.000 manat məbləğində pul verilib. Lakin həmin struktur bölmələri həmin məbləğləri mütəmadi olaraq verməyib. Elə vaxtlar olub ki, gəlirləri olmayıb və həmin strukturlar pul verməyib.
Bundan əlavə, qoyulmuş qaydaya görə həmin idarələr tərəfindən verilən pulların 25-30 faizi onların özlərinə verilib. BTRİB və "Aztelekom” MMC üzrə verilən aylıq puldan onlara verilməyib. Belə ki, onların fəaliyyət sahələri nisbətən geniş olub. Müəyyən olunmuş aylıq pul vəsaitlərini verdikdən sonra qalan vəsaitlər onlara qalıb. Bu qayda ilə həmin idarələrə ayda təxminən 50.000-100.000 manat pul qalıb. "Aztelekom” MMC-dən hər ay pulu cəmiyyətin direktoru Məmməd Məmmədov və ya onun Qulu adlı köməkçisi, həmçinin cəmiyyətin baş mühasibi Oqtay adlı şəxs verib.
V. Zeynalov ifadəsində bildirib ki, qeyd olunan ödənişlərlə bağlı hər birliyin və idarənin rəhbəri nazirə əvvəlcədən məlumat verib və verəcəkləri pulun miqdarını onunla razılaşdırıblar. Onda toplanan pullar isə nazirin göstərişi ilə paylanılıb. Nazirin tapşırığı ilə bir il yarım ərzində həmin puldan hər ay 50.000 ABŞ dolları MTN-in Monitorinq Xidmətinin rəisi Teymur (MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev) adlı şəxsə onun sürücüsü, 2011-ci ildən başlayaraq isə hər ay 100.000 ABŞ dollarını nazirliyin kuratoru Sübahir (MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov-red.) adlı şəxsə sürücüsü vasitəsi ilə göndərib.
Bundan əlavə, hər ay toplanan puldan 200.000-300.000 manat nazirin şəxsi işlərinə sərf olunması üçün onun özünə verib. 520.000 manat isə nazirliyin şöbə rəisləri vasitəsi ilə nazirliyin əməkdaşlarına paylanılıb. Təxminən 50.000 manat digər xərclərə, o cümlədən bayram şənliklərinə, qonaqlara hədiyyə alınmasına sərf edilib.
Bundan, əlavə həmin puldan hər ay əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat onun özünə ("paket” şəklində) ayrılıb və ona verilib. Nazir müavinlərinə ayda əvvəllər 15-20 min manat, son iki ildə isə hər birinə 30 min manat "paket” verilib.
BTRİB-in keçmiş rəhbəri B.Hüseynov isə ifadəsində deyib ki, 2009-2015-ci illərdə nazirliyin rəhbərliyi tərəfindən ona BTRİB üzrə aparılan təmir-tikinti işləri və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz şişirdilib əldə olunan vəsaitlərin 80 faizinin nazirliyə verilməsi barədə tapşırıq verilib. Həmin göstərişin icrasını təmin etmək məqsədilə BTRİB və onun struktur bölmələri tərəfindən görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılması barədə telefon qovşaqlarının rəhbərlərinə və iş görən təşkilat kimi "Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru Bayram Vəliyevə və "Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova göstəriş verib.
Bu vəzifəli şəxslər isə onun göstərişini icra edərək görülən işlərin, alınan mal-materialların qiymətlərini 20-25 faiz artırıb, əldə olunan vəsaitin 5 faizini telefon qovşaqlarının rəislərinə, 5 faizini qovşaqların baş mühasibi və baş mühəndisilərinə verib, mal-material xərcini, əmək haqqı xərclərinı çıxdıqdan sonra qalan vəsaiti onun göstərişi ilə birliyin baş mühasibi A.Mustafayevə ötürüb.
O, ifadəsində vurğulayıb ki, keçmiş nazir Əli Abbasovun tapşırığı əsasında birliyin baş mühasibi A.Mustafayev hər ayın sonunda görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin şişirdilməsi yoluyla əldə olunan vəsaitlər barədə nazirliyin yüksək vəzifəli şəxsinə məlumat verib.
Bundan sonra A.Mustafayev birbaşa Aparat rəhbərinə hesabat verib, onun göstərişi ilə əldə olunan vəsaitin 80 faizini sonuncuya verib. Bu qayda ilə A.Mustafayevin vasitəsi ilə ilk aylarda nazirliyin rəhbər şəxslərindən birinə 200.000-250.000 manat, sonrakı aylarda isə 100.000-150.000 manat olmaqla, ümumilikdə 10 milyon manat pul verib.
Bundan əlavə, o, ifadəsində göstərib ki, qiymətlərin şişirdilməsi ilə əldə etdiyi vəsaitdən nazirliyin rəhbər şəxsinə verdiyi hissəsindən sonra qalan vəsaitdən birliyin baş mühasibi A.Mustafayevə ayda "paket” olaraq 7 min manat, "Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevə şəklində 1500 manat, birliyin əməkdaşlarına - şöbə rəislərinə "konvert” olaraq ayda 500-700 manat olmaqla qeyd olunan dövr ərzində ümumilikdə hər ayda 4000-5000 manat verilib.
Nazir müavini İltimas Məmmədova isə ev tikintisi üçün bir dəfəyə 1,5milyon manat pul verib. O, qiymətlərin şişirdilməsi yolu ilə əldə etdiyi vəsaitdən şəxsən özünə hər ay 25-30 min manat olmaqla cəmi 1 milyon 200 min manat pul qaldığını, həmin pulu da şəxsi ehtiyaclarına sərf etdiyini bildirib.
Xatırladaq ki, keçmiş nazir Əli Abbasov istintaqla anlaşıb və dövlətə vurduğu zərərə görə mənimsədiyi pullardan təqribən 7 milyon manatını geri ödəyib. Göründüyü kimi nazirliyin həbsdəki yüksək vəzifəli şəxsləri dəhşətli korrupsiya və mənimsəmə əməllərini nazirin göstərişi ilə həyata keçirdiklərini deyiblər. Lakin Əli Abbasov barədə cinayət işi qaldırılmayıb...
(APA və Report-un materialları əsasında)
BAKU.WS
Oxşar xəbərlər
"MTN-ın generalları Teymur Quliyevə hər ay 50.000, Sübahir Qurbanova 100.000 dollar göndərirdim"
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovun ibtidai istintaqa verdiyi ifadə məlum olub. APA-nın əldə etdiyi məlu...