Rusiyada Ukrayna vətəndaşını bıçaqlayan azərbaycanlı HƏBS EDİLDİ
Şəki Ağır Cinayətlər Məhkəməsi 2009-cu ildə Moskvada baş vermiş bıçaqlı hücum və ölüm hadisəsi ilə bağlı cinayət işinə baxıb.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs (1973-cü il təvəllüdlü, Tərtər rayonu Xoruzlu kənd sakini) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə təqsirli bilinib və 7 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Əvvəlki hökm (2021-ci il, narkotik maddəsi ilə 7 il) ilə qismən toplama yolu ilə qəti cəza 9 il 6 ay azadlıqdan məhrum etmə müəyyən edilib. Digər iş üzrə çəkdiyi 5 il 10 ay 17 gün müddət çıxılmaqla, qalan 3 il 7 ay 13 gün azadlıqdan məhrum etmə saxlanılıb.
BAKU.WS-in məlumatına görə, hadisə 15 yanvar 2009-cu il tarixdə saat 02:00 radələrində Rusiya Federasiyasının Moskva şəhəri, Şelkovskoye şossesi, ev 98 ünvanında yerləşən kafenin qarşısında baş verib.
Asif Əliyev (ad və soyad şərtidir) şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Ukrayna vətəndaşı V.A.Zubkovu bıçaqla iki dəfə vuraraq ağır xəsarətlər yetirib. Xəsarətlər döş qəfəsi və qarın nahiyəsində nüfuz edən yaralar olub və zərərçəkmiş xəstəxanada vəfat edib.
Məhkəmədə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və peşmanlığını bildirib. O, hadisədən sonra Azərbaycana qaçdığını inkar edərək, qardaşının qəbrini düzəltdirmək məqsədilə gəldiyini iddia edib, lakin bu ifadələr sübutlarla təkzib olunub. Şahidlər hadisəni təsdiqləyiblər və təqsirləndirilən şəxsin bıçaqla hücum etdiyini qeyd ediblər.
Oxşar xəbərlər
Bakıda ağır yol qəzası baş verib
Bakıda ağır yol qəzası baş verib. Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, 99 SX 175 qeydiyyat nişanlı avtomobil...