Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amid Ümidlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.
İttihama görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən restoranlardan birində baş verib.
Belə ki, Amid Ümidli zərərçəkmiş İnarə Əsədova (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olub. Hadisə zamanı zərərçəkmiş şəxsin tanışı ilə səmimi şəkildə danışıb gülməsi tərəflər arasında qısqanclıq zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı Amid İnarənin boynundan qəsdən sıxıb.
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qol və bud nahiyələrinə yumruqla zərbələr endirib.
Döyülmə nəticəsində İnarə Əsədovanın müxtəlif nahiyələrində xəsarətlər yaranıb.
Məhkəmənin hazırlıq iclasında Amid Ümidli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini bildirib. Həmçinin İnarə ilə barışdığını qeyd edərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edib.
Hazırlıq iclasında İnarə Əsədova da məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı ödədiyini və tərəflərin barışdığını bildirib. Zərərçəkmiş şəxs Amidə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib. O da məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib.
Xatırladaq ki, Amid Ümidlinin anket məlumatlarında evli olduğu qeyd edilir.
Oxşar xəbərlər
Nərdivandan yıxılan 73 yaşlı kişi öldü
Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə sentyabrın 3-də rayonun Sütəmurdov kəndində qeyd...