Qarabağda minomyot müharibəsi başladı
Təmas xəttində yeni gərginlik dalğası baş qaldırmaqdadır. Xəbər verildiyi kimi ötən bazar günü Ermənistan işğalçı qüvvələrinin təmas xəttində mövqelərimizi atəşə tutması nəticəsində bir hərbi qulluqçumuz şəhid olub. İnsidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilməyib. Bununla belə həmin insidentin ardınca təmas xəttinin bir neçə istiqamətlərində müxtəlif çaplı minomyotlardan da istifadə olunmaqla atışmalar şiddətlənib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən düşmən təmas xəttində 60, 82 və 120 millimetrlik minomyotlar tətbiq edib. Düşmənə qarşı cavab tədbirləri görülüb. Qondarma "dağlıq qarabağ müdafiə nazirliyi” isə bildirir ki, Azərbaycan silahlı qüvvələri xüsusən Ağdam və Ağdərə-Tərtər istiqamətindəki erməni mövqelərini "xüsusən şiddətli” atəşə tutub. Bu zaman 60 millimetrlik minomyotlardan 50-dən çox mərmi atılıb, 3 mərmi isə 82 millimetrlik minomyotdan buraxılıb. Və işğalçı qüvvələrin komandanlığı təmas xəttində "daha sərt addımlar atmağa hazır olduğu” haqda da xəbərdarlıq edir.
Əgər Azərbaycan silahlı qüvvələri əsgərimizin vurulmasına cavab olaraq işğalçı qüvvələrin mövqelərinə ağır silahlardan da istifadə etməklə güclü zərbələr endiribsə bu, tamamilə məntiqidir və gözləniləndir. Düşməndən qisas alınmalıdır və başqa cür ola bilməz, təcrübə göstərir ki, erməni tərəfi təmas xəttində törətdiyi bu və ya digər insidentə təmkinli reaksiya görəndə daha da aqressivləşir. Erməni hərbi rəsmiləri bunu "təmas xəttində vəziyyətin qarşı tərəfə diqtə olunması” kimi şərh edib lovğalanır.
Buna görə də indiki mövqe döyüşləri şəraitində (əslində təmas xəttindəki vəziyyəti xarakterizə etmək üçün "atəşkəsin pozulması” ifadəsi çoxdan adekvat deyil) qarşı tərəf hər açdığı atəşə görə misli ilə cavab almalıdır. Hər vurulan əsgərimizə görə itkiyə məruz qoyulmalıdır. Azərbaycan ərazilərini on illərdir işğal altında saxlayan düşmənə qarşı başqa taktika işləmir.
Təmas xəttində bundan sonrakı günlərdə vəziyyətin necə dəyişəcəyini təxmin etmək üçün bir neçə amillər var. Bunlardan birincisi odur ki, Ermənistanda bu ilin yazına təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca siyasi ehtiraslar da qızışır. Bu seçkilərdə Ermənistan parlament üsul-idarəçiliyinə keçməlidir və hakimiyyət uğrunda mübarizənin gərgin keçəcəyi indidən aydındır. Həm hakimiyyət düşərgəsindən uzaqlaşdırılmış bir sıra keçmiş yüksək vəzifəlilər, o cümlədən keçmiş müdafiə naziri Seyran Ohanyan, həm indiyədək hakimiyyətə müxalif olan siyasi qüvvələr bu seçkilərə ciddi hazırlaşır.
Və heç şübhəsiz ki, Qarabağ amili bu dəfə də Ermənistan seçkilərində başlıca mübarizə vasitəsi olacaq. Digər tərəfdən ilk dəfədir ki, Ermənistan seçkilərində "sülh partiyası” iştirak edəcək. Ermənistan Ümummilli Konqresi və onun lideri Levon Ter-Petrosyan seçkilərə Qarabağda sülh, mehriban qonşuluq və barışıq şüarları ilə qatılacağını artıq elan edib. Bu şüarları dəstəkləyən siyasi qüvvələri blok yaratmağa çağırıb. Doğrudur, hələ Ter-Petrosyanın çağırışına digər siyasi qüvvələrdən dəstək yoxdur. Paradoksal görünsə də nisbətən keçmiş müdafiə naziri Seyran Ohanyan da sülhə çağırır, ancaq onun mövqeyi ermənilərin "qalib statusunu” danışıqlarda fiksə etmək üzərində qurulub. Qalan siyasi qüvvələri isə Qarabağ məsələsində tutduqları mövqeyə görə birmənalı olaraq "müharibə partiyası” adlandırmaq olar.
İstənilən halda seçkilər yaxınlaşdıqca Qarabağ amilindən istifadə də artacaq və ötən seçkilərin təcrübəsi göstərir ki, Sərkisyan hakimiyyəti üçün belə vəziyyətdə ən yaxşı taktika təmas xəttində vəziyyətin gərginləşməsidir. Təmas xəttində vəziyyətin gərginləşməsi Ermənistan əhalisinin Qarabağ üzündən səfil durumda yaşaması haqda cəmiyyətdə baş qaldıran etirazları dərhal neytrallaşdırmağa imkan verir, "müharibə partiyası”nın mövqelərini gücləndirir. Deməli gözləmək lazımdır ki, qarşıdakı həftələrdə və aylarda erməni tərəfi təmas xəttində gərginliyin daha da artmasında maraqlı olacaq. Bu, minomyot müharibəsi formasında başlayıb daha sonra ağır artilleriyanın tətbiqi ilə mövqe döyüşlərinə keçə bilər. Və Azərbaycan silahlı qüvvələri Ermənistandakı mövcud siyasi vəziyyəti nəzərə almaqla təmas xəttindəki bölmələri daha da gücləndirməli olacaq.
virtualaz
Oxşar xəbərlər
Ordumuz hərəkətə keçdi: düşmənin hədəfləri vuruldu (RƏSMİ)
Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məluma...