Ombudsman Tərtərdəki mina partlayışına görə dünya ictimaiyyətinə çağırış edib

Ombudsman Tərtərdəki mina partlayışına görə dünya ictimaiyyətinə çağırış edib
Hadisə 19

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtərdə baş vermiş mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması faktı ilə əlaqədar dünya ictimaiyyətinə çağırış edib.

Ombudsman Aparatından BAKU.WS-ə daxil olan məlumatda deyilir:

"Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi mina terroru və azərbaycanlılara qarşı nifrət siyasəti günahsız insanların qətlə yetirilməsinə səbəb olmaqdadır.

Dərin təəssüf hissi ilə bildirirəm ki, cari ilin 28 aprel tarixində Tərtər rayonunun Talış kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olmuşdur. Ermənistanın növbəti mina terrorunun qurbanına çevrilərək həlak olmuş soydaşlarımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm!

Ermənistan 30 ilə yaxın bir dövr ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq insanların həyat və sağlamlığına zərər vermək məqsədilə yüz minlərlə mina basdırmışdır. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə 300-dək insan mina qurbanı olmuş, onlardan 54 nəfəri həyatlarını itirmişlər. Lakin bütün bunlara baxmayaraq Ermənistan nəinki ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.

Belə ki, son dövrlər baş vermiş mina hadisələrinin araşdırılması zamanı yolun hərəkət hissəsi ətrafında Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş tank və piyada əleyhinə minaların aşkarlanması Ermənistanın postmüharibə dövründə təxribatçılıq siyasətini davam etdirməsinin növbəti sübutudur.

Dünya ictimaiyyətinin, əlaqədar beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana ciddi təsir göstərməməsi son dövrlərdə regionda bu kimi təxribat yönümlü, beynəlxalq humanitar hüquqa zidd hərəkətlərin intensiv xarakter almasına səbəb olmaqdadır.

Dəfələrlə tələb edilməsinə baxmayaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin hələ də ölkəmizə təqdim edilməməsi nəticə etibarilə çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və əlilliyə gətirib çıxaran mina partlayışlarının baş verməsinə səbəb olur.

Bununla əlaqədar bir daha dünya ictimaiyyətinə müraciət edərək, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan Ermənistanın mina terrorunun aradan qaldırılması məqsədilə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim edilməsinə dəstək verməyə və beynəlxalq humanitar hüququn tələblərini pozmaqda davam edən Ermənistana qarşı təsirli tədbirlər görməyə çağırıram".

Son xəbərlər