Nəriman Həsənzadə vəfat edib

Nəriman Həsənzadə vəfat edib
Hadisə 60

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.

Nəriman Həsənzadə 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" (1941-1945) mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

O, müxtəlif illərdə "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb. 1976-1990-cı illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə heyətinin sədri kimi fəaliyyət göstərib. Xalq şairi uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.

Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960-1970-ci illərdə nəşr olunan "Könlüm şeir istəyir", "Unudulmaz günlər", "Yadına düşəcəyəm", "Nəriman", "Niyə demədiniz", "Zümrüd quşu", "Nabat xalanın çörəyi", "Mənim gecəm-gündüzüm", "Sən bağışladın" və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.

Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. "Bir az möhlət istəyirəm ömürdən", "Fikir eləmə", "Kimin sualı var?", "Seçilmiş əsərləri", "Mənim nikahımı pozdu təbiət", "Bütün millətlərə", "Taleyin töhfəsi", "Nuru paşa", "Gəlimli-gedimli dünya" və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan şeir, poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib. Ədibin əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat, rus və s. dillərə tərcümə olunub.

Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Nabat xalanın çörəyi" və digər tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi" (1981), "Xalq şairi" (2005) fəxri adlarına, "Şöhrət" (2001), "Şərəf" (2011), "İstiqlal" (2021), "Heydər Əliyev" (2026) ordenlərinə və Heydər Əliyev Mükafatına (2017) layiq görülüb. Söz sənətkarı 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər