Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Dünən axşam saatlarından başlayaraq cənub bölgəsində müşahidə olunan intensiv və fasiləsiz yağışlar nəticəsində əksər çaylarda sululuq əhəmiyyətli dərəcədə artıb. Yağıntıların xüsusilə dağlıq və dağətəyi ərazilərə düşməsi çaylara daxil olan suların həcmini artırıb. Bu səbəbdən Lənkəran rayonu ərazisindən axan Lənkərançayda da suyun səviyyəsində yüksəlmə müşahidə olunur, axının sürəti əvvəlki günlərlə müqayisədə artıb.
BAKU.WS xəbər verir ki, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin İrriqasiya sahəsinin rəisi Rakif Rufiyev AZƏRTAC-a bildirib ki, hazırda Lənkərançayda, o cümlədən digər çaylarda suyun səviyyəsi təhlükəli həddi keçməyib və hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb. Onun sözlərinə görə, mövcud vəziyyət tam nəzarət altındadır və çayın müxtəlif hissələrində aparılan müşahidələr əsasında su səviyyəsində baş verə biləcək dəyişikliklər operativ şəkildə qiymətləndirilir.
R.Rufiyev qeyd edib ki, güclü yağıntıların davam edəcəyi ehtimalı nəzərə alınaraq, mütəxəssislər gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Hidrotexniki qurğuların, sahilbərkitmə tədbirlərinin və suötürücü kanalların texniki vəziyyəti mütəmadi olaraq yoxlanılır. Eyni zamanda, yaşayış məntəqələrinə və kənd təsərrüfatı sahələrinə mümkün risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Qurumdan bildirilib ki, hazırda əhali üçün təhlükə yaradan hər hansı vəziyyət müşahidə olunmur. Monitorinqlər fasiləsiz davam etdirilir, zərurət yarandığı təqdirdə isə əlavə təhlükəsizlik və mühafizə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Bulvarda bəzi restoranlara vergi hesablansa da, bəzilərinə hesablanmayıb - MƏHKƏMƏ
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsində D...