"Köhnə Bakı" kafesində qanlı cinayət - Ölən var - VİDEO

Köhnə Bakı kafesində qanlı cinayət - Ölən var - VİDEO
Video
Hadisə 949

2017-ci il dekabrın 20-də saat 22 radələrində 18 yaşlı Çingiz Qədirli kəsilmiş-deşilmiş xəsarətlərlə Respublika Xəstəxanasına gətirilib və orada ölüb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, həmin gecə 40-cı polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində 22 yaşlı Mirzağa Məmmədov saxlanılıb.

Məlum olub ki, hadisə qəsəbədə fəaliyyət göstərən “Köhnə Bakı” kafesində baş verib. İstintaqla müəyyən edilib ki, Mirzağa Məmmədov “28 May” qəsəbəsində yerləşən “Köhnə Bakı” adlı kafeni müvəqqəti idarə edib.

Cinayət baş verən gün axşam radələrində obyektdə istirahət edən tanış müştərilərə, üzərində gəzdirdiyi cib bıçağını nümayiş etdirib, Ayxan Novruzzadəyə, Zaur Nəcəfova və Çingiz Qədirliyə yaxınlaşıb.

Sonuncular bu hərəkətlərinə son qoymasını bildirdikdə Məmmədov buna məhəl qoymayıb, xuliqanlıq hərəkətlərini davam etdirib.

Nəticədə bıçağın tiyəsi qəflətən açılıb, ehtiyatsızlıqdan Çingiz Qədirlinin döş qəfəsinə nüfuz edib. Zərərçəkmiş aldığı xəsarətdən xəstəxanada vəfat edib.

İbtidai istintaqda dindirilmiş Mirzağa Məmmədov bildirib ki, Ruhin Nəhmədov "Köhnə Bakı" kafesini icarəyə götürüb, nəzarəti ona həvalə edib.

O da obyektdə həm nəzarətçi, həm də ofisiant kimi çalışıb. Həmin gün kafeyə nəzarət etmək üçün saat 19 radələrində ora gəlib.

Masaların birində tanıdığı Rəşad, Murad, Zaur adlı tanışları əyləşib, çay içiblər.

Çingiz yoldaşları ilə kafeyə gəldikdə, onlarla münasibəti olduğu üçün Mirzağa, yaxınlaşıb, onunla söhbət edib. Cibindən qara rəngli, kəpənək formalı bıçağı çıxarıb, əlində fırladaraq zarafatla onlara qarşı tutub.

Divana söykənmiş masada əyləşən tanışları bıçaqla zarafat etməməsini və əlindən bir xəta çıxacağını desələr də, ayaq üstündə dayanan Mirzağa heç nə olmayacağını zənn edib, aləti açıb-bağlamaqda davam edib. Bıçağı Çingizə tərəf uzadanda, iti hissəsi tanışına dəyib.

Çingiz köynəyini qaldırdıqda sinəsindən qan gəldiyini görüb. Masada əyləşən uşaqlar yardım etməyə çalışıblar, özü marketdən qaçıb, bir şüşə araq alıb, gətirib.

Qədirlinin yarasını əvvəlcə su ilə təmizləyib, sonra spirtli içki ilə sürtüb, qanı kəsmək istəyib. Heç nə alınmadığından yaralıya divana uzanmasını təklif edib.

Təcili Tibbi Yardıma, kafenin sahibinə və Çingizin valideynlərinə zəng vurub, məlumat veriblər. Bir neçə dəqiqədən sonra Çingizin atası və anası kafeyə gəliblər.

Çingizi xəstəxanada tibb işçiləri qəbul etdikdən sonra, o, gedib, polis bölməsinə təslim olub. Mirzağa Məmmədov əlavə edib ki, Çingiz Qədirliyə xəsarət yetirmək və onu öldürmək məqsədi olmayıb.

Hadisədən sonra bıçağı yerə atıb. Başı yardım etməyə qarışdığı üçün sonra alətin necə olması barədə məlumatı yoxdur.

Zərərçəkmiş atası Ramiz Qədirov ifadəsində göstərib ki, həmin gün evdə olarkən avtoyuma məntəqəsində işləyən Şükür Quliyev zəng vurub, oğlunun kafedə yaralandığını xəbər verib.

Dərhal həyat yoldaşı ilə birlikdə kafeyə gedib. İçəri daxil olanda Çingizin halsız vəziyyətdə, divanda uzandığını görüb. Oğlunu avtomobillə xəstəxanaya aparıblar.

Ramiz Qədirov hesab edir ki, oğluna qarşı bu əməl qəsdən törədilib. Məhkəmə iclasında Mirzağa Məmmədov özünü qismən təqsirli hesab edərək, əməlində peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirzağa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyaisya protesti veriblər.

Bakı Apellyasiya Məhkəməsi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib və Mirzağa Məmmədova qəti olaraq 15 il cəza təyin edib.

Son xəbərlər