İş adamına qarşı 4 milyonluq dələduzluq - Federasiya rəhbərinə ağır cəza istənildi
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Bu iş üzrə 5 nəfər - tanınmış idmançı, federasiya rəhbəri Ceyhun Əşrəfov, Seymur Məhərrəmov, onlarla əlbir olan Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə ediliblər. Onlardan yalnız Rüstəm Qafarov və Zaur Qurbanov hazırda həbsdədir. İstintaq dövründə və məhkəmənin gedişində digərlərinin barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamlar əsaslıdır, hər biri ayrı-ayrılıqda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinməlidirlər. O, Cavid Hüseynlinin 13, Seymur Məhərrəmov, Rüstəm Qafarov, Zaur Qurbanovun 12 il, Ceyhun Əşrəfovun isə 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib. Bildirib ki, Hüseynli, Məhərrəmov və Əşrəfov məhkəmə zalında həbs edilməlidirlər.
Növbəti iclasda vəkillər müdafiə çıxışı edəcəklər.
Qeyd edək ki, Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.
Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb. Həmin pulun bir hissəsi ibtidai və məhkəmə istintaqı vaxtı geri qaytarılıb.
Oxşar xəbərlər
Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb
Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan azyaşlı həyatını itirib. BAKU.WS report-a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq,...