“Hər şey Cahangir Hacıyevin tapşırığı və göstərişi ilə olub”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən yüz milyonlarla kredit götürüb qaytarmamaqda ittiham olunan sabiq deputat, oliqarx Dünyamin Xəlilov və digər altı nəfərin – "Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, "Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov, «Sport Layn» MMC-nin direktoru Rauf Əliyev, Şakir Musayev və Ruslan Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Prosesdə şahid qismində öncə Nizami Həmidov dindirilib. O, ifadəsində "İntertekstil" şirkətində mexanik işlədiyini, adıçəkilən şirkət üçün adına 200 min manat kredit götürüldüyünü, yalnız kağızlara imza atdığını, pul almadığını göstərib.
"Cahangir Hacıyevin göstərişi ilə etmişik”
Digər şahid Akif Əliyev məhkəmədə ifadə verərkən vaxtilə Beynəlxalq Bankın kredit komitəsinin sədri işlədiyini söyləyib: "2 milyon 400 min manata qədər limit çərçivəsi olub. O çərçivədə, rəhbərliyin göstərişi ilə, kredit vermişik. Dünyamin Xəlilovu bankın layihələrini həyata keçirən şəxs kimi tanımışam. Onun işi üzrə ayrılan kreditlərə rəhbərlik razılıq verib".
Hakim Əhməd Quliyevin "rəhbərlik deyərkən kimi nəzərdə tutursunuz?" sualına şahid A.Əliyev Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin adını çəkib: "Hər şey Cahangir Hacıyevin tapşırığı və göstərişi ilə olub. Layihələri Dünyamin müəllim təqdim edirdi. Onun "General Construktion" şirkətinin rəhbəri olduğunu bilirdim. Cahangir Hacıyev özü demişdi ki, Dünyamin müəllim bankın layihələrini həyata keçirir. Yalnız Cahangir Hacıyevlə razılaşdırıldıqdan sonra kredit verilirdi".
Hakim: "Cahangir Hacıyevin tapşırıqları qanuni idimi?"
Şahid: "Onu deyə bilmərəm".
Hakim şahiddən nə qədər maaş aldığını soruşub.
A.Əliyev həmin vaxt 5 min manat maaş aldığını bildirib.
"Dünyamin Xəlilov kimi idi ki, sizə layihə təqdim etsin?”
Dövlət ittihamçısı Ramin Nağdəliyevin "qarğıdalı məhsulunun alınması ilə bağlı 1 milyon 990 min manat pul ayrılması, "Aqora" MMC ilə bağlanan müqavilə barədə nə deyə bilərsiniz" sualına cavabında şahid həmin layihənin Dünyamin Xəlilov tərəfindən təqdim edildiyini söyləyib.
Dövlət ittihamçısı: "Dünyamin Xəlilov kim idi ki, sizə layihə təqdim ertsin?”
Şahid: "Müştəri”.
Dövlət ittihamçısı: "Sənədləri qaydasında idimi? Kredit komitəsinin sədri olaraq bunları araşdırmısınızmı?”
Şahid:”Tapşırıq var idi”.
Hakim:”Bu aşağı məbləğ deyil, söhbət milyonlardan gedir”.
"Bu qanun pozuntusu idi, amma Cahangir Hacıyevin göstərişi idi”
Şahid qismində hazırda Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müşaviri işləyən Emin Mustafayev ifadə verib.
E.Mustafayev ifadəsində göstərib ki, təqdirləndirilən şəxslərdən Dünyamin Xəlilovu və "İntertekstil" şirkətinin müdiri Şakir Musayevi tanıyır.
Hakim E.Mustafayevdən Beynəlxalq Bankın milyonlarının mənimsənilməsində onun da rolu olub-olmadığını soruşub. Şahid heç bir rolunun olmadığını deyib : "Kredit Komitəsinin sədri olarkən bütün göstərişləri Cahangir Hacıyevdən almışam. Kreditlərin verilməsinə icazə ilə bağlı sənədləri imzalayıb, filiallara çatdırmışam. Kreditlər də fiziki şəxslərin adına rəsmiləşdirilirdi, amma özlərinə verilməyib, əvvəlki kreditlərin ödənilməsinə yönəldilirdi. Bu, qanun pozuntusu idi, lakin Cahangir Hacıyevin göstərişi idi. Cahangir Hacıyevin göstərişu əsasında şirkətlərin fəaliyyətinə Dünyamin Xəlilov birbaşa özü nəzarət edirdi. O da Cahangir Hacıyevdən göstəriş alaraq iş görüb".
Xatırladaq ki, Emin Mustafayev əvvəllər Cahangir Hacıyevin müavini, bir müddət isə bankın Kredit komitəsinin sədri vəzifəsində çalışıb. C.Hacıyev vəzifədən uzaqlaşdırıldıqdan sonra onun barəsində cinayət işi Emin Mustafayevin şikayəti əsasında başlamışdı.
"Mən göstərişləri yerinə yetirmişəm”
Növbəti şahid Cahangir Hacıyevlə birlikdə həbs edilmiş, məhkəmənin qərarı ilə şərti cəza ilə azadlığa buraxılan İlqar Abdullayev olub. O, ifadəsində "İntertekstil" şirkətinin işçilərinə 2012-ci ildə kredit ayrılanda Beynəlxalq Bankın Mərkəz filialının müdir müavini, 2014-2015-ci illərdə isə həmin filialın müdiri olduğunu göstərib: "Fiziki şəxslərin adına ayrılan 200 min manatlıq kreditlər Emin Mustafayevin göstərişi ilə verilib. Emin Mustafayevin göstərişu ilə bir neçə nəfər filiala gəlmişdi. Həmin adamların hər birinə 200 min manat pul verilməli idi. Göstəriş olduğu üçün mən də vermişəm. Bu pullar da əvvəlki kreditlərin ödənilməsinə yönəldildi".
Dövlət ittihamçısı "Bankdan bir telefon üçün kredit götürmək olmur. Fəhlələrə 200 min manata kimi pul necə verilib" sualına cavabında şahid yalnız göstərişləri yerinə yetirdiyini bildirib.
Cahangir Hacıyevlə birgə mühakimə olunanlar şahid qismində dindirilir
Şahid qismində məhkəmədə ifadə verən Kənan Orucov da Cahangir Hacıyevlə birlikdə mühakimə olunub və şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb. O, bankın Nəqliyyat filialının rəhbəri olub. Şahid istintaqa verdiyi ifadəsini təsdiq edib.
Beynəlxalq Bankın Mərkəz fillalına rəhbərlik etmiş Anar Sultanov da şahid qismində dindirilib. Şahid bildirib ki, filial müdiri olaraq 5 min manata qədər kreditlərin ayrılmasına təkbaşına qərar vermək səlahiyyəti olub. Bundan yüksək məbləğlərin verilməsinə isə Kredit Komitəsinin qərarı olmalı idi: "Kreditlər Kredit Komitəsinin qərarı ilə ayrılıb, bu qərarların icrası isə məcburidir”.
Azərbaycan dilini bilməyən baş mühasib
Şahid qismində ifadə verən Ellada Zatıkova Beynəlxalq Bankın Səbail filialında baş mühasib işlədiyini deyib. Tərəflərin suallarını cavablandırarkən şahidin Azərbaycan dilini bilmədiyi üzə çıxıb.
Dövlət ittihamçısı şahiddən Azərbaycan dilini bilmədiyi halda necə baş mühasib işlədiyini soruşub. Şahid isə "sənədlərlə işləmişəm, bizdə hüquqşünas vardı, tərcümə edirdi” deməklə kifayətlənib.
Məhkəmədə daha sonra Beynəlxalq Bankın baş xəzinədarı işləmiş Rauf Məmmədov, həmin bankın hüquq sahəsinin rəhbəri olmuş Rauf Xəlilov, Beynəlxalq Bankın şöbə müdiri işləmiş Rəşad Hacıyev, Yelena Həsənova və digər şahidlər dindirilib.
Məhkəmə prosesi martın 6-da saat 14-də davam edəcək.
İttihama görə, Dünyamin Xəlilov dostu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dəstəyi ilə rəhbərlik etdiyi şirkətlərdəki işçilərinin adına milyonlarla manat kredit götürüb və qaytarmayıb. Keçmiş deputat bu yolla Beynəlxalq Banka 50 milyon manatdan çox ziyan vurmaqda ittiham olunur.
DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış istintaqın materiallarına əsasən Dünyamin Xəlilov Beynəlxalq Bankın pullarını "Səbail Mebel” ASC, "Aqora” MMC, "Kondor Group” MMC və digər şirkətlərin adlarına kredit kimi rəsmiləşdirib, daha sonra həmin pulları Panamada qeydiyyatdan keçmiş "Oceanstream İnc” ofşor şirkəti üzərindən ölkədən çıxarıb.
BAKU.WS
Oxşar xəbərlər
Dünyamin Xəlilov Cahangir Hacıyevi ələ verdi: “Pullara o nəzarət edirdi...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən yüz milyonlarla dollarkredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat...