Giziri öldürməkdə təqsirli bilinən şəxslərə hökm oxundu

Giziri öldürməkdə təqsirli bilinən şəxslərə hökm oxundu
Foto
Hadisə 74

Dövlət Sərhəd Xidmətinin giziri Cəsarət Vəliyevi qətlə yetirməkdə, xidmətin əməkdaşı Camal Həsənova isə xəsarət yetirməkdə təqsirləndirilən İlqar Abdürrəhmanzadə və Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunaraq, İlqar Abdürrəhmanzadə 18 il 6 ay, Orxan Zeynalov isə 19 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30-da metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi və söyüş üstündə baş verib. Hadisədə Cəsarət Vəliyev qətlə yetirilib, Camal Həsənov isə xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdürrəhmanzadə polis əməkdaşları tərəfindən saxlanılaraq həbs qətimkan tədbiri seçilib. Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdürrəhmanzadəyə qarşı isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər