Etibar Mirzəyev: “Yanğınlar söndürüldükdən sonra Azərbaycana qürur hissi ilə qayıdacağıq” – VİDEO
FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev mətbuat konfransı keçirib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, general-leytenant konfransdan öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qardaş Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdiyini, yaralıların tezliklə şəfa tapmasını arzuladığını xatırladıb.
Sonra nazir müavini ölkə başçısının tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gələn Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti və əldə edilən nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, yanğınsöndürmə, mühüm əhəmiyyətli ərazilərin yanğından mühafizə əməliyyatları zamanı effektiv qarşılıqlı əlaqənin təşkili məqsədilə Muğla orman koordinasiya və Marmaris kriz mərkəzləri kimi əsas və mobil qərərgahlar təşkil edilib. Qeyd edib ki, əsasən mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilib və FHN-in yanğınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər. Eyni zamanda yanğınsöndürmə, soyutma, ağacların kəsilməsi ilə mühafizə zolağının yaradılması və mühüm obyektlərin yanğından qorunması tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar aparılmaqdadır.
E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin ümumilikdə Türkiyənin 14 yaşayış məntəqəsində uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus “BE-200ÇS” tipli amfibiya təyyarəsi 76 dəfə uçuş həyata keçirməklə yanğın sahələrinə 615 ton, helikopter isə 134 dəfə uçuş həyata keçirməklə 332.5 ton su töküb.
Sonda mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
FHN-in yanğınsöndürənləri Türkiyədə yanğınları söndürür - FOTO/ VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndər...