Ermənistanda həbsdə olan azərbaycanlı: “Məndən Azərbaycan, Qarabağ haqqında soruşurdular”

Ermənistanda həbsdə olan azərbaycanlı: “Məndən Azərbaycan, Qarabağ haqqında soruşurdular”
Hadisə 1062

 

"Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında beş ay saxlandıqdan sonra ailəmə qovuşdum. Dünən məhkəmə zalından azad olundum. Məni sərhədi keçmək maddəsi ilə günahlandırdılar və təqsirimi boynuma aldıqdan sonra 5 ay həbs kəsdilər”.

BAKU.WS-in məlumatına görə, bu sözləri Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı, Bolnisi rayonunun Faxralı kənd sakini Turqay Mikayılov APA-ya açıqlamasında bildirib.

O, Ermənistanda təkadamlıq kamerada saxlandığını, azərbaycanlı olduğu üçün ona mənfi münasibətin olduğunu deyib: "Sözsüz ki, mənə düşmən kimi baxırdılar, Azərbaycan, Qarabağ haqqında soruşurdular. Mən isə cavabında bildirirdim ki, Gürcüstan vətəndaşıyam, öz dövlətimi sevdiyim kimi Azərbaycanı da sevirəm. Bəzən sual-cavabdan bezdiyim üçün onların suallarına acıqla cavab verirdim. Mənə deyirdilər ki, səni kimsə məqsədli şəkildə Ermənistana göndərib. Sonra mənə sərhədi keçmək maddəsi ilə ittiham irəli sürdülər”.

T. Mikayılov onu da deyib ki, ona hərdən ailəsi ilə telefonla danışmağa icazə verilib.

O, Tiflisdə həkim müayinəsindən keçmək niyyətində olduğunu da bildirib: "Bəlkə də yeməyimə nəsə qatırdılar. Qorxuram ki, səhhətimdə problem yaransın”.

T. Mikayılov Gürcüstanın Ermənistandakı səfirliyinə təşəkkürünü də çatdırıb: "Səfirliyə təşəkkür edirəm ki, Gürcüstan vətəndaşı kimi daim mənimlə maraqlanıblar. Eyni zamanda  Kvemo Kartli bölgəsinin qubernatoruna və rayon rəhbərliyinə ailəmə göstərdikləri qayğı və diqqətə görə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Faxralı kənd sakini Turqay Mikayılov Ermənistanda 5 ay həbsdə saxlandıqdan sonra dekabrın 23-də məhkəmə zalından azad edilib.

BAKU.WS

Son xəbərlər