DİN-dən yol polisinin fotosu ilə bağlı cavab: O yaşlı taksi sürücüsü... - FOTO

DİN-dən yol polisinin fotosu ilə bağlı cavab: O yaşlı taksi sürücüsü... - FOTO
Hadisə 4248
 

Bu gün sosial şəbəkə istifadəçilərindən biri yol polisi əməkdaşının fotosunu yayaraq belə bir status paylaşıb:

"Polis az öncə şəhərdə yaşlı taksi sürücüsünü telefonla danışdığına görə cərimələyib. Özü isə nə kəmərdən istifadə edir, nə də qanuna əməl etməyərək, telefonla danışır. Yaşlı kasıb taksi sürücüsünə qanun var, bunlara yox?!".

Məsələ ilə bağlı Avtosfer.az-ın əməkdaşı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb. O, həmin status barədə məlumatı olduğunu bildirdi: "O statusdan mənim də xəbərim var. Çox güman ki, onu paylaşan sosial şəbəkə istifadəçisinin "Yol hərəkəti haqqında" Qanundan və "Yol Patrul Xidməti haqqında" Təlimatdan xəbəri yoxdur. Ona görə də, bir daha xatırlatmaq istərdim ki, "Yol hərəkəti haqqında" Qanunun 74-cü maddəsində göstərilir ki, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü (bu halda YPX əməkdaşı) yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə bu Qanunun tələblərindən kənara çıxa bilər.

"Yol Patrul Xidməti haqqında" Təlimatda da göstərilir ki, operativ nəqliyyat vasitəsini idarə edən sürücülər xidməti zərurətlə əlaqədar, yəni naryadların idarə olunması və onların arasında qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə həmin nəqliyyat vasitəsində olan rabitə vasitələrindən (radio-rabitə, radiocihaz və telefon) istifadə edə bilər. Eyni zamanda, YPX əməkdaşları xidmətdə olarkən onlara yaşayış məntəqələrində təhlükəsizlik kəmərindən istifadə etməmək hüququ da verilir".

 

Ehsan Zahidov sonda onu da bildirib ki, YPX əməkdaşlarının gün ərzində müəyyən etdiyi yüzlərlə qayda pozuntuları neçə-neçə yol-nəqliyyat hadisəsinin qarşısının alınması deməkdir: "Sosial şəbəkə istifadəçisi bilməlidir ki, halına acıdığı o "yaşlı kasıb" taksi sürücüsü hərəkətdə olan avtomobilin sükanı arxasında mobil telefondan istifadə edərkən həm Qanunun tələbini pozur, həm də qəza şəraiti yaratmaqla özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə məruz qoyur".

BAKU.WS

Son xəbərlər