Coraba görə qaytarıb, xanımla gəl dedilər - "Berlin Pub"da səfirlik işçisinin qətlinin DETALLARI - FOTO
CİNAYƏT İŞİ
Qısa arayış...
2021-ci il avqustun 30-da Xətai rayonu Xocalı prospekti, 29 ünvanında yerləşən “Berlin PUB”da dava baş verib. Məlum olub ki, 1980-ci il təvəllüdlü Vüqar Mustafayev gecə saat 01:45-də Sabunçu Tibb Mərkəzində ölüb.
Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi, sonra 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Könüllü polisə təslim olan Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Orxan Şahbazov barəsində məhkəmənin qərarı ilə həbsqəti imkan tədbiri seçilib.
KİV-də məlumat yayılıb ki, sosial şəbəkələrdə fitness-məşqçisi kimi tanınan Orxan Şahbazov məşhur simaların mühafizəçisi olub. Qətlə yetirilən Vüqar Mustafayev uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyində işləyib. İaşə obyektinə gəlincə, oranın iş adamı Ceyhun Həsənova məxsus olması, eyni zamanda onun “Cinema klublar kralı” kimi tanınması bildirilib.
Hadisə baş verən məkanın yanında yerləşən yaşayış binasının sakinləri, yüksək səs-küy və davalar səbəbindən dəfələrlə polisə şikayət ediblər. Əksər hallarda mübahisələr küçədə baş verdiyindən obyektin rəhbərliyi məsuliyyətdən kənarda qalıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, avqustun 29-u saat 21 radələrində Vüqar Mustafayev, Valeh Muxtarov və Ramil Qədimov Xocalı prospekti, 29 ünvanında fəaliyyət göstərən “Berlin PUB”a daxil olmaq istəyəndə mühafizəçi Orxan Şahbazov geyimlərinə görə onları içəri buraxa bilməyəcəyini deyib. Orxan buna etirazını bildirən Valeh Muxtarovun üzünə yumruqla zərbə vurub. Həmin an arxasında, pilləkənin yuxarı hissəsində dayanmış Vüqar Mustafayev əli ilə Orxanın çiyininə toxunduqda, çevrilib onun da üzünə iki zərbə endirib. Vüqar Mustafayev müvazinətini itirib, 2 metrdən çox olan hündürlükdən arxası üstə yıxılaraq, ölümlə bilavasitə əlaqəsi olan xəsarətlər alıb.
İş üzrə dindirilmiş Orxan Şahbazov bildirib ki, hadisədən 2 həftə əvvəl klubda “Berlin Pub”da mühafizəçi işləməyə başlayıb. Qapıda dayanaraq qonaqları qarşılayıb:
“Müdriyyətimin müəyyənləşdirdiyi qaydalara əsasən şəpit geyinmiş və corabsız şəxsləri içəriyə daxil olması qadağan edilib. Avqustun 29-da axşam 3 nəfər obyektə yaxınlaşanda gördüm ki, onlardan biri corabsız şəpit geyinib. Buna görə ona mülayim şəkildə bu geyimdə içəri daxil ola bilməyəcəyini, corab geyinməsini və yalnız bu halda gələ biləcəyini dedim. Uzaqlaşan şəxslər bir müddətdən sonra qayıdanda, həmin müştərinin də corab geyindiyini və bu səbəbdən içəriyə daxil olmalarına icazə verdim. Müştərilərə masalarda əyləşməyə kömək edən Sevinc Aslanova gələrək, həmin 3 nəfərin bir müddət əvvəl rezerv etdikləri yerin başqa şəxsə verildiyini bildirdi. Əvvəl mühafizəçi Elşən Quliyev, ardınca isə mən restorana daxil olduq. İçəri çox səs-küy olduğundan Elşən həmin 3 nəfərlə birlikdə yenə çölə çıxdılar. Bu problemi həll etmək üçün Sevincə onlar üçün başqa yer hazırlamağı təklif etdim. Qadın pandemiya ilə əlaqədar yaxın əyləşmək mümkün olmadığından, başqa yer hazırlanmasının mümkün olmadığını dedi. Bundan sonra çölə çıxaraq, həmin şəxslərə mülayim şəkildə bu gün əyləşmək üçün əlavə yerləri olmadığını və sabah gəlmələrini təklif etdim. Valeh Muxtarov kobud şəkildə mənə və Elşənə etirazını bildirməyə başladı. Valehin etirazına səssizcə qulaq asdıq.
Orxan Şahbazov
Bundan sonra obyekti icarə əsasında işlədən Ramil Hidayətovun göstərişinə əsasən, onları ordan uzaqlaşdırmaqdan ötrü, guya xanımsız içəri daxil olmağa icazə verilmədiyini bildirdim. Kobud tərzdə danışan Valehi səbrlə dinləməkdə davam etdim. İçkili olduqları üçün onlara cavab qaytarmadım. Lakin Valeh artıq söyüş söyməyə başlayanda əsəbləşib onu yumruqla vurdum. Həmin an sağ tərəfdən, boğazıma əli ilə kiminsə toxunduğunu hiss etdim. Uzun illər idmanla məşğul olduğum üçün mənə toxunan Vüqara da yumruqla zərbələr vurdum. Sonra Valehə tərəf getdim. Yenə onu vurmaq istəyəndə, Elşən məni saxladı və Vüqarın yerə yıxıldığını bildirdi. Pilləkənlə yuxarı qalxıb baxanda həqiqətən də həmin şəxsin yıxıldığını gördüm. Restoranın müdiri Ramilə “kömək edin, qaldıraq onu” söyləyəndə, o mənə “dəymə, daha da pis olar” dedi. Elşən hara getdiyimi soruşanda özümü pis hiss etdiyimi və hara getdiyimi bilmədiyimi dedim. Həmin an şok vəziyyətində idim. Əsəbimdən mobil telefonumu sındırdım. Növbəti gün Bakı şəhər Baş Polis İdarəsinə gedərək, baş verən hadisə barədə məlumat verdim. Polis əməkdaşları mənə, yerə yıxılan şəxsin öldyünü bildirdilər”.
Orxan Şahbazovun sözlərinə görə, mübahisənin davam etdiyi müddət ərzində mərhum onun ünvanına nalayiq ifadələr işlətməyib və onu vurmayıb. Vurduğu zərbənin təsirindən o müqavimətini itirib. Yanlarında olan üçüncü şəxs hadisədən əvvəl Valehdən və Vüqardan xahiş edirdi ki, getsinlər, lakin Valeh mübahisə etməkdə davam edirdi.
Hadisə olan yer
Zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Mustafayev ifadəsində göstərib ki, avqustun 29-da həyat yoldaşı ona zəng edərək, qardaşı Vüqarın ağır koma vəziyyətində Leyla Şıxlinskaya klinikasına gətirildiyini bildirib:
“Ora gedərkən, atam zəng edərək, axşam saatlarında kompüter-tomoqrafiyanın işləməməsi ilə əlaqədar onun həmin klinikada qəbul edilmədiyini və Vüqarın Sabunçu Tibb Mərkəzinə göndərildiyni xəbər verdi. Ora çatandan bir neçə saat sonra qardaşım öldüm. Xəstəxanada Valeh Muxtarovdan nə baş verdiyini soruşanda o, həmin axşam kluba getdiklərini, orda yaranan mübahisə zamanı mühafizəçinin ona və Vüqara yumruqla zərbələr vurduğunu danışdı. Valehin üzündə həqiqətən xəsarət izləri vardı. Təqsirləndirilən şəxsin ailə üzvləri qardaşımın yas mərasiminə gələrək, üzrxahlıq edib halallaşmaq istəsələr də, onlardan başqa vaxt gəlmələrini xahiş etdim”.
Vüqar Mustafayevin meyiti
Zərərçəkmiş Valeh Muxtarov bildirib ki, avqustun 29-da əvvəlcədən kluba zəng edərək, üç nəfərlik masa rezerv edib:
“Telefonla sifarişi qəbul edən işçi məndən xanımlarla gəlib-gəlməyəcəyimizi soruşduqda, mən 2 nəfər oğlanla gələcəyimi dedim. Axşam Vüqar və Ramillə ora yollandıq. Giriş qapısına yaxınlaşanda, mühafizəçilər Ramilin ayağımda corab olmadığını görüb onu içəri buraxa bilməyəcəklərini bildirdilər. Ramil corab geyinəndən sonra içəriyə keçsək də, yanlarında xanım olmaması səbəbindən bizi yenə çölə çıxardılar. Müdiriyyətin əsas gətirdiyi səbəb xoşuma gəlmədiyindən, mühafizəçilərlə mübahisə etməyə başladım. Orxan Şahbazov mənə yumruqla zərbə vurandan sonra, pilləkənlərdən aşağı düşdüm. 102 xidmətinə zəng etmək istəyərkən, kimsə Vüqarın yerə yıxıldığını dedi.
Təcili yardıma zəng vursam da, onlarla danışa bilmədim. Ramillə köməkləşib Vüqarı yerdən qaldırdıq və avtomobilə əyləşdirərək, xəstəxanaya apardıq”.
Valeh Muxtarov əlavə edib ki, dəfələrdə həmin obyektdə yeyib-içib, əvvəllər də ora gedəndə yanında xanım olmayıb. Geyim və digər məsələlərlə bağlı heç vaxt hər hansı qadağa ilə rastlaşmayıb. Mühafizəçilərlə mübahisə edərkən dostu müdaxilə etməyərək, kənarda dayanıb.
Şahid Sevinc Aslanova ifadəsində göstərib ki, klubda hostel işləyir. Vəzifə öhdəlikləri müştərilərin zənglərinə cavab verib, rezerv yer saxlamaq və qonaqları qarşılamaqdan ibarətdir:
“Orxan Şahbazov və Elşən Quliyev 10-15 gün olardı ki mühafizəçi işləyirdilər. Avqustun 29-da zəng edən Vüqar Mustafayev 3 nəfərlik masa rezervasiya etmək istədiyini bildirəndə, sifarişi qəbul etdim. Eyni zamanda onlara, girişdə “face control” adlanan yoxlama olmasını bildirdim.
Saat 21 radələrində qapının qarşısında Orxanın 3 nəfərlə danışdığını və bir neçə dəqiqədən sonra onların getdiklərini gördüm. Çölə çıxıb mühafizəçidən həmin şəxslərin nə istədiklərini soruşduqda, Orxan onların masa rezerv etdiklərini, amma birinin corabsız ayaqqabı geyindiyinə görə qaydalara görə içəri buraxmadığını dedi. Onların daha gəlməyəcəyini düşündüyümdən, masanı zəng edən başqa bir müştəri üçün rezervasiya etdim. Amma bir neçə dəqiqədən sonra həmin şəxslər içəri daxil oldular. Valeh adlı şəxs içəri girən kimi, məndən kobud şəkildə oturacaqları masanın hansı olduğunu soruşdu. Müdir müştərilərə xanımsız içəridə otura bilməyəcəklərini bildirdikdə, mühafizəçi Elşən Quliyev həmin şəxslərdən çölə çıxmalarını xahiş etdi. Orxanın müştərilərlərlə danışıb, vəziyyəti izah etməyə çalışdığını, lakin Valehin onunla mübahisə etdiyini gördüm. Digər iki nəfər sakit dayanmışdı. Hətta Vüqar bir neçə dəfə Valehə başqa yerə getməklərini təklif etdi. Təxminən 10 dəqiqədən sonra telefonla başqa müştəri ilə danışan zaman, səs-küy gəldiyini eşitdim. Çölə çıxanda hadisənin artıq baş verdiyini gördüm. Orxanın Vüqarı vurduğu və həmin şəxsin yıxıldığı anı görmədim”.
Vüqar Mustafayev və dostu
Məhkəmə iclasında Orxan Şahbazov ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmə nəticətə gəlib ki, təqsirləndirilən şəxsin zərərçəkmişi qəsdən öldürmək niyyəti olmayıb.
Məhkəmə hesab edib ki, Orxan Şahbazovun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə düzgün tövsif edilib. Lakin ona 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə irəli sürülmüş ittiham təsdiq edilmədiyindən onun əməli 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Şahbazov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.
Oxşar xəbərlər
Bakıda qadın kafedə tanış olduğu kişini evinə gətirdi, keçmiş əri isə... - Şok təfərrüat
Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Eldəniz şəxsi münasibətlər zəminində Əmiri (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS bildirir ki, “tel...