Cənubi azərbaycanlılar İranda ayağa qalxdılar (VİDEO)
İranın bir neçə şəhərində İRİB TV-2 kanalında yayımlanmış verilişə etiraz olaraq nümayişlər keçirilir, məlumatlarda deyilir.
BAKU.WS-in BBC-yə istinadən verdiyi məlumata görə, ilk olaraq, nümayişlər Qərbi Azərbaycan əyalətinin mərkəzində, Urmiyə Universitetinin yüzlərlə tələbəsi tərəfindən keçirilib. Bu aksiya İRİB TV-2 kanalında yayımlanan "Fitilieh" (farscadan tərcümə: fitil) verilişində İranın azərbaycan dilli əhalisinə qarşı səslənən təhqiramiz sözlərə etiraz olaraq keçirilib. Əsasən İranda yaşayan azərbaycanlılar barədə xəbərlər yayan Oyan News səhifəsinin verdiyi məlumatda deyilir ki, tələbələr Urmiya universitetinin binasının qarşısında toplaşaraq "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə" və "Haray haray, mən türkəm!" şüarlarını səsləndirib. Urmiyə şəhərindən olan deputat Cavad Cahangirzadə də aksiyada iştirak edib. Etirazların Təbriz, Xoy, Marağa, Zəncan, Ərdəbil və Tehran şəhərlərinə də yayıldığı bildirilir. Təbrizdə bir neçə bazar bağlanıb və məlumatlara görə, etirazçılar şəhərin başqa hissələrində toplaşıb. Bəzi məlumatlara görə polis aksiyaya müdaxilə edib və gözyaşardıcı qazdan istifadə edib, BBC Farsi xəbər verir. Həmçinin Təbriz şəhərində etirazçıların polis maşınını yandırdığı bildirilir. Verilişdə nə deyiblər? Uşaqlar üçün nəzərdə tutulmuş komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasın səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Cümə günü yayımlanmış verilişdə uşaq və atasının dialoqu azərbaycan dilində gedir. Bundan sonra verilişi özlərinə təhqir sayan azərbaycanlılar etirazlara başlayıblar, Londonda yaşayan azərbaycanlı Məmməd Ənsari BBC Azərbaycancaya bildirib. Telekanal üzr istəyib BBC Farscanın verdiyi xəbərdə deyilir ki, İranın Dövlət Televiziya və Radio Şirkəri bəyanat verərək "Fitilieh" verilişində səslənən sözlərə görə İran azərbaycanlılarından üzr istəyib. Təşkilatın verdiyi bəyanatında deyilir ki, faktiki olaraq bu verilişin yayımı "səhlənkarlıq" səbəbindən "lazımlı işlər görülənə və son nəticəyə gələnə kimi" bağlanıb, və kanalın işçilərindən biri vəzifəsindən uzaqlaşdırılıb. Bəyanatda vurğulanır ki, 6 noyabr tarixində efirə gedən verilişdə "yalnışlıq, diqqətsizlik, verilişi hazırlayan əlaqədar şəxslərin düzgün nəzarət etməməsi səbəbindən, azərbaycan dilində gedən dialoqlar cəsur və əziz azərbaycan dilli həmvətənlərimizin narahatçılığına və inciməsinə bais olmuş və şikayətlərin daxil olmasına səbəb olub". Bu səbəbdən də, telekanalın yayım direktoru və uşaq verilişləri departamentinin direktoruna "işində səhlənkarlığa görə yazılı töhmət veriləcək" və verilişin nəzarətinə məsul olan yayım direktorunun müavininə isə "töhmət verilərək işdən çıxarılacaq". "Fitilieh" verilişi əsasən uşaqlar və gənclər üçün nəzərdə tutulub və 1985-ci ildən bəri yayımlanıb. Tarakan karikaturası 2006-cı ildə İran jurnallarından birində dərc olunmuş tarakan karikaturası ölkədə etnik azərbaycanlılar arasında narazılıq yaratmış və hadisələr böyüyərək bir çox şəhərlərdə üsyanlar şəklini almışdı. Karikaturada uşağın tarakanla farsca danışması və tarakanın cavabında azərbaycanca "nəmənə" deyə sual verməsi azərbaycanlıları qəzəbləndirmişdi. Nəmənə sözünün fars dilində də işlənməsinə baxmayaraq, karikatura qəzəbli reaksiya doğurmuşdu və azərbaycanlılar bunu təhqir olaraq qəbul etmişdi. Hadisə 2006-cı ilin mayında azərbaycanlıların yaşadığı İran şəhərlərində kütləvi üsyanlarla nəticələnmişdi. Amnesty İnternational iğtişaşlar zamanı yüzlərlə insanın həbs olunduğunu və öldürüldüyünü iddia edib. Prezident Əhmədinejad iğtişaş günlərində televiziya ilə etdiyi çıxışında üsyanları İranın "dinc nüvə texnologiyası" əldə etmək səylərinə qarşı "xarici qüvvələrin planı" olduğunu demişdi. BAKU.WS
Oxşar xəbərlər
İranda Azərbaycan dilini lağa qoyan veriliş bağlandı
İran İslam Respublikası Dövlət Teleradio Təşkilatının rəhbərliyi (İRİB) Azərbaycan dilinə hörmətsizlik edərək onu lağa qoyan "Fitileh” uşaq verilişinin efirə ve...