Baldızının toyuna gedərkən sükan arxasında yatdı, 5 nəfərin həyatına son qoydu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi ötən il baş verən dəhşətli yol qəzası ilə bağlı hökm çıxarıb. Məhkəmədə 30 yaşlı Xəyyam Məmmədov (təqsirləndirilən şəxs) Azərbaycan Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bundan əlavə, ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzası təyin olunub. Cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcək.
BAKU.WS-in məlumatına görə, qəza 2024-cü il dekabrın 28-də, səhər saat 08:38 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 50-ci kilometrində baş verib.
Məhkəmə materiallarından məlum olduğu kimi, Xəyyam Məmmədov idarə etdiyi "Opel Astra" markalı avtomobillə İmişli istiqamətində hərəkət edərkən yuxuya gedib və qarşı hərəkət zolağına çıxıb. Nəticədə, qarşıdan gələn "Vaz-21074" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 5 nəfər həlak olub: "Vaz" avtomobilində olan 3 sərnişin və "Opel"in sərnişinlərindən sürücünün qaynanası (hadisə yerində) və qaynatası (xəstəxanada, 2025-ci il yanvarın 6-da).
Bundan başqa, sürücünün arvadı, iki azyaşlı uşağı və qarşı tərəfin sürücüsü və bacısı ağır və ya orta dərəcəli xəsarətlər alıb. Məhkəmədə qeyd olunub ki, qəza sürücünün ehtiyyatsızlığı (yol qaydalarının pozulması, diqqətin dağılması) nəticəsində baş verib.
Məhkəmə iclasında Xəyyam Məmmədov günahını tam etiraf edib və peşman olduğunu bildirib. O, zərərçəkmişlərə maddi və mənəvi yardım göstərib – dəfn xərclərini, müalicə məsrəflərini və kompensasiya ödəyib.
Zərərçəkmişlər və onların hüquqi varisləri (ölənlərin yaxınları) məhkəmədə barışıq əldə etdiklərini bildirib və sürücüyə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş ediblər. Lakin məhkəmə cinayətin ağırlığını nəzərə alaraq, 5 il həbs cəzası təyin edib.
Qeyd edək ki, qəzadan əvvəl sürücü baldızının toyuna gedirmiş.
Oxşar xəbərlər
Bakı metrosunda ölüm hadisəsi
Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, s...
