Bakıda "sarı tor"a daxil olan sürücülər tıxac yaradıblar

Yolayrıcında hərəkət səbir və intizam tələb edir.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
"Müşahidələr göstərir ki, bəzi sürücülər, xüsusilə hərəkətin sıx olduğu küçə və prospektlərdə yolun kəsişmə hissəsinə yaxınlaşarkən qarşıdakı sahədə nəqliyyat sıxlığı və ya tıxac olmasına baxmayaraq, işıqforun yaşıl işığı yandığı andaca keçid hissəsinə daxil olmağa çalışırlar.
Nəticədə nəqliyyat vasitələri işıqforun növbəti siqnalı verilənədək yolayrıcında dayanmağa məcbur qalır ki, bu da digər istiqamətdən hərəkət edən avtomobillərə maneə yaradaraq süni tıxaca səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bir daha diqqətə çatdırır ki, işıqforun yaşıl işıq siqnalı yalnız hərəkət hissələrinin kəsişməsi boş olduğu təqdirdə hərəkətə icazə verir. Əgər sürücü kəsişməyə daxil olduqdan sonra dayanmağa məcbur qalacaqsa, yaşıl işıq siqnalı verilmiş olsa da, hərəkətə başlamaq qadağandır.
Nəzərə almaq lazımdır ki, belə qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, həm də hərəkət intensivliyinə və təhlükəsizliyə mənfi təsir göstərir.
BDYPİ sürücülərə müraciət edərək, onları belə hallarda işıqforun siqnallarını və yol nişanlarını düzgün qiymətləndirməyə, yalnız yolun hərəkət hissələrinin kəsişmələri açıq olduqda hərəkətə başlamağa çağırır. Yaşıl işıq - hərəkət üçün icazədir, amma tıxac varsa - səbirlə gözləmək məsuliyyətli və qanunauyğun davranışdır", - deyə müraciətdə qeyd edilib.
Oxşar xəbərlər
Dörd Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edildi
Beynəlxalq axtarışa verilən dörd nəfər Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildiril...
