Bakıda iki nəfərin ölümünə səbəb olan avtobus sürücüsünə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsi 2024-cü ilin oktyabrında baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı qərarını elan edib. Məhkəmə, avtobus sürücüsü Əkbər Mehdiyevi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə təqsirli bilərək 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Bundan əlavə, sürücü 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.
BAKU.WS-in məlumtına görə, hadisə 2024-cü il oktyabrın 29-da, gecə saat 23:18 radələrində Bakı şəhəri, Binəqədi rayonunda, Binəqədi şossesi ilə Zəngəzur küçəsinin kəsişməsində baş verib.
1973-cü il təvəllüdlü Əkbər "Çinar-Trans" MMC-yə məxsus "Karsan Atak" markalı avtobusu idarə edərkən svetoforun qırmızı işığında keçərək üç avtomobilə – "Opel Corsa", "Changan" və "Hyundai Santafe" – toqquşub.
Nəticədə "Opel Corsa"nın sürücüsü və sərnişini (hər ikisi 1985-ci il təvəllüdlü) ağır xəsarətlər alaraq yerindəcə həlak olub. Digər iki avtomobilin sürücüləri isə yüngül xəsarətlərlə xilas olub.
Məhkəmə iclasında Əkbər özünü qismən təqsirli bilərək bildirib ki, svetofor sarı işıqda yanarkən keçməyə cəhd edib, lakin tormozlar işləməyib. Lakin ekspertiza və şahidlərin ifadələri sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu təsdiqləyib. Həmçinin, narkoloji müayinələr Əkbərin narkotik vasitələrdən istifadə etdiyini aşkar etsə də, hadisə anında sərxoş olub-olmadığı dəqiq müəyyən edilməyib.
Zərərçəkmişlərin hüquqi varisləri məhkəməyə mülki iddia qaldırıb. Məhkəmə, bir zərərçəkmişin ailəsinə 10 000 manat mənəvi zərər, digərinin ailəsinə isə maddi zərərin tam ödənilməsi barədə qərar verib. Bundan əlavə, dövlət rüsumları ilə bağlı məsələlər həll olunub.
Əkbər Mehdiyev əvvəllər məhkum olunmayıb və hadisədən peşman olduğunu bildirib.
Oxşar xəbərlər
Göygöldə 68 yaşlı kişi qəbiristanlıqda öldü
Göygöl rayonunda 68 yaşlı kişi qəbiristanlıqda ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Balçılı kəndinin ərazisində yerləşən qəbiristanlıqda baş...
