Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm – 5 il həbs şərti verildi
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1981-ci il təvəllüdlü Y.T. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib.
İş materiallarına əsasən, Y.T. zərərçəkmiş Ayselə Ramana qəsəbəsində torpaq alaraq həmin ərazidə fərdi yaşayış evləri tikib satmaqla gəlir əldə edəcəklərini vəd edib. Bu adla qadından müxtəlif vaxtlarda ümumilikdə 117 min manat pul alıb.
İddialara görə, ilk olaraq 2024-cü ilin aprel ayının sonunda 40 min manat, daha sonra 30 min manat və müxtəlif tarixlərdə digər ödənişlər alınıb. Pulun bir hissəsi nağd, digər hissəsi isə bank kartları vasitəsilə köçürülüb.
Zərərçəkmiş Aysel məhkəmədə bildirib ki, Y.T. əvvəlcə torpaq alıb ev tikməyi, daha sonra isə başqa bir yarımçıq tikilini alaraq təmir edib satmağı təklif edib. Lakin vədlərin yerinə yetirilmədiyini görən qadın pulunu geri tələb edib.
Məhkəmədə araşdırılan sübutlar arasında ödəniş qəbzləri, bank köçürmələri, audio və video yazılar, həmçinin tərəflər arasında keçirilmiş üzləşdirmə protokolu olub.
Y.T. isə ittihamı qismən qəbul edib. O, zərərçəkmiş şəxslə qeyri-rəsmi ailə münasibətlərində olduğunu, aralarında müxtəlif pul və əmlak məsələləri ilə bağlı razılaşmaların olduğunu bildirib. Təqsirləndirilən şəxs bəzi bank köçürmələrinin də zərərçəkmişin digər tapşırıqları ilə bağlı olduğunu deyib.
Məhkəmə hesab edib ki, Y.T. pul vəsaitlərini əldə edərkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmayıb və zərərçəkmiş şəxsin etibarından sui-istifadə edib.
Məhkəmə zamanı Y.T.-nin əvvəllər məhkum olunmadığı, əməlindən peşman olduğu, himayəsində üç azyaşlı uşağının olduğu və dəymiş ziyanın ödənildiyi nəzərə alınıb.
Məhkəmə materiallarına görə, zərərçəkmiş şəxsə 69 min manat ödənilib. Daha sonra Aysel Y.T. ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Y.T. 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə həmin cəzanı 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edib.
Y.T.-nin üzərinə sınaq müddəti ərzində daimi yaşayış yerini nəzarət orqanına məlumat vermədən dəyişməmək vəzifəsi qoyulub. Onun davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Bundan başqa, Y.T. barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında azadlığa buraxılıb.
Oxşar xəbərlər
Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü
Ağdaş rayonunda gəlininin evinə qanunsuz basqın etməklə onu bıçaqlamaqda təqsirləndirilərək həbs edilən 72 yaşlı kişi istintaq təcridxanasında ölüb. BAKU.WS Oxu...