Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Ağsu rayonu ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi və post-patrul xidməti əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparıblar.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hava şəraiti ilə əlaqədar yaranan buzlaşma səbəbindən hərəkətdə çətinlik çəkən sürücülərə polis əməkdaşları tərəfindən operativ şəkildə köməklik göstərilib, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunub.
Eyni zamanda, buzlaşmanın müşahidə edildiyi ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb ediliblər. Xüsusilə sərt enişli-yoxuşlu və təhlükəli sahələrdə yolun hərəkət hissəsinə duz-qum qarışığı səpilib. Görülən tədbirlər nəticəsində sürüşmə riski minimuma endirilib.
Hazırda ərazidə vəziyyət nəzarət altındadır. Yol hərəkəti iştirakçılarına diqqətli olmaları, sürət həddinə riayət etmələri və yol hərəkəti qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.
Qalereya
*** 15:55
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində yaranan buzlaşma səbəbindən nəqliyyatın hərəkəti tamamilə dayanıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, artıq bir saatdan çoxdur onlarla avtomobil yolda hərəkətsiz vəziyyətdə qalıb.
Mövcud vəziyyət həm paytaxtdan Ağsu istiqamətində hərəkət edən sürücülərə, həm də regionlardan Bakıya doğru gedən nəqliyyat vasitələrinə ciddi çətinliklər yaradır.
Yolun hər iki istiqamətində buz qatının əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti faktiki olaraq mümkünsüz olub. Sürücülər enişli-yoxuşlu dolaylarda nəqliyyat vasitələrini idarə etməkdə çətinlik çəkir, bəzi avtomobillər isə sürüşərək yolda qalırlar. Uzun tıxac yaranması səbəbindən ərazidə gərginlik də müşahidə olunur.
Məsul qurumların əraziyə gecikməsi səbəbindən sürücülər və yaxınlıqda yaşayan sakinlər vəziyyətdən çıxış yolunu özləri axtarmağa məcbur qalıblar. Belə ki, onlar yol kənarında olan qum və torpağı yola səpərək avtomobillərin hərəkətini qismən bərpa etməyə çalışırlar. Buna baxmayaraq, güclü buzlaşma səbəbindən görülən tədbirlər hələlik nəticə vermir.
Sürücülər aidiyyəti qurumlara müraciət edərək yolun təcili şəkildə təmizlənməsini və duz-qum qarışığının səpilməsini xahiş edirlər. Hazırda əraziyə məsul qurumların texnikası və əməkdaşlarının cəlb olunmaması vəziyyəti daha da ağırlaşdırır.
Qalereya
Oxşar xəbərlər
Qadağan olunmuş əraziyə kim niyə girir? - "Mina yoxdur" dedikləri yerdə dəhşətli partlayış
Ağdam rayonunda minalanmış ərazidə təhlükəli vəziyyət qeydə alınıb. Baku TV-nin çəkilişi zamanı bir neçə mülki şəxs qadağan olunmuş sahəyə daxil olub, ANAMA əm...