Bakı məktəblilərinin qollarında şübhəli izlər aşkarlandı: Dərhal araşdırmalar başlandı

Bakı məktəblilərinin qollarında şübhəli izlər aşkarlandı: Dərhal araşdırmalar başlandı
Hadisə 5384
Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri “Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları tapşırılıb.Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumatlara aydınlıq gətirib. “Noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib”, - B.Məmmədov virtualaz.org-a deyib. Hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilib, idarənin nümayəndələri məktəbə göndərilib. Valideynlərə tövsiyə edilib ki, uşaqlara nəzarəti gücləndirsinlər.Məktəbdən isə virtualaz.org-a bildiriblər ki, hazırda uşaqlarla psixoloji iş aparılır, valideynlər məlumatlandırılıb. “Burda intihardan söhbət getmir, sadəcə olaraq, uşaqların qolunda xəsarətlər var. Bunun nədən yarandığı araşdırılır”.
Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Zülfüqar Zülfüqarov isə yalnız tədbirlər görüldüyünü, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatlandırıldığını söyləməklə kifayətlənib. “Bu barədə yalnız Təhsil İdarəsi açıqlama verə bilər. Bütün məlumatlar onlara göndərilib”.Qeyd edək ki, oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asmışdı. Gəncin “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu. Onu da xatırladaq ki, yeniyetmələri hədəf alan “Mavi balina” indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə “admin” tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur. 76 saylı məktəbdə isə şagirdlərin bu oyunun təsirinə düşüb-düşmədiyi araşdırmadan sonra bəlli olacaq.30-cu polis bölməsindən hadisə ilə bağlı açıqlama vermək istəməyiblər.BAKU.WS

Son xəbərlər