Bacısına elçi göndərən gənci görüşə çağırdı: "Ailəsi razıdır, qardaşı imkan vermir" – TƏFƏRRÜAT

Abşeron rayonunda 1996-cı il təvəllüdlü Əhəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısının sevgilisi Cəlala (adlar şərti verilib – red.) xəsarət yetirib.
BAKU.WS xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə 23 aprel 2024-cü ildə baş verib. Əhəd həmin gün saat 20:00-da radələrində Masazırda "Azərpoçt"un 2 saylı poçt şöbəsi yaxınlığında, küçədə Cəlalla bacısının mobil telefonuna mesaj yazması səbəbindən mübahisə edib.
Mübahisə zamanı evdən götürdüyü bıçaqla Cəlalın qarın nahiyəsinə vurub.
İstintaq orqanı tərəfindən Əhədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
"Elçilərə bacımı verməyəcəyimi bildirdim"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Cəlalı əvvəlcədən tanımayıb: "Cəlalın bizə elçi göndərmək və bacım Ləmanı almaq istədiyini eşitdim. Lakin buna razılıq vermədik. Hadisədən əvvəlki günlərin birində Cəlalın ailəsi bizə gəldi və anama, mənə bacımı almaq istədiklərini bildirdilər. Mən elçilərə bacımı verməyəcəyimi bildirdim. Bundan sonra onlar getdilər".
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 23-də səhər saatlarında bacısının telefonunu götürüb və işə gedərkən yolda telefona baxıb: "Cəlalın bacıma ismarıc yazdığını gördüm. Cəlala zəng edərək nə səbəbə bacıma mesaj yazdığını, qəti surətdə bacımı ona verməyəcəyimi bildirdim və ona görüş təklif etdim.
Həmin gün axşam 20:00-da Cəlaldan harada olduğunu soruşdum. Yeməyini yeyib evdən çıxacağını bildirdi. Mən hər ehtimala evdən mətbəx bıçağı götürərək cibimə qoydum və Cəlalla görüşə getdim.
Cəlalla Masazır dairəsi yaxınlığında "Azərpoçt" filialının qarşısında görüşdük. O, görüşə bibisi oğlu Nahid və adını bilmədiyim digər qohumu ilə gəlmişdi. Cəlalla birlikdə kənara çəkildik, ondan nə səbəbə bacıma yazdığını soruşdum. O, cavabda bacımla evlənmək istədiyini bildirdi. Aramızda mübahisə baş verdi. Ondan bacısmın nömrəsini haradan aldığını soruşdum. "Bu sənin ailənin problemidir" dedi".
"Bizi narahat etməməsi üçün vurdum"
Əhədin ifadəsinə görə, bu sözlərdən əsəbləşərək qabaq sağ cibinə qoyduğu bıçağı çıxarıb və Cəlalın qarın nahiyəsindən vurub: "Cəlal qarnını tutaraq arxaya çəkildi. Mən də geri çəkilib bıçağı yerə atdım və ondan bıçağın batıb-batmadığını soruşdum. Cəlalın adını bilmədiyim qohumu bıçağın batdığını bildirdi.
Cəlalın yanında gələn tanımadığım qohumu onu götürərək xəstəxanaya getdi. Mübahisənin böyüməməsi üçün oradan uzaqlaşdım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlum məzmunda məlumat verdim. Polis əməkdaşları gələrək məni polis idarəsinə dəvət etdilər.
Mən Cəlalı bizi bir daha narahat etməməsi üçün qorxutmaq məqsədilə vurmuşam. Ona bıçağı yüngül toxundurmaq istəmişəm".
"Bildirdi ki, ailə qurmağımıza qardaşı imkan vermir"
İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəlalın sözlərinə görə, təxminən hadisədən bir il əvvəl Masazır kəndində Aysu adlı qızla tanış olub: "İlk başda aramız yaxşıydı, sonradan münasibətlərimiz pisləşdi. Səbəb Aysugilə elçi gedən ailəmə "yox" cavabı verilməsi oldu. Aysu ilə danışarkən bildirdi ki, mənimlə ailə qurmağa razıdır, lakin qardaşı buna imkan vermir".
Cəlal qeyd edib ki, aprelin 23-də Aysunun qardaşı Əhəd ona zəng edib və bacısına niyə mesaj yazdığını soruşub: "Bildirdim ki, bacısı ilə ciddi münasibətim var, ailə qurmaq istəyirəm. Əhəd mənə kobud cavab verdi, harada olduğumu soruşdu və mənimlə görüşmək istədiyini bildirdi.
Masazır kəndində poçtun yanında görüşməyi razılaşdırdıq. Elçin və Nahidlə birgə həmin yerə getdik. Mən Əhədlə kənara çəkilərək söhbət etməyə başladım. Əhəd mənə bacısı ilə ailə həyatı qurmayacağımı bildirdi. Mən isə onu ailə qurmağımza razı salmağa çalışdım".
"Bir-birimizə nalayiq ifadə işlətməmişik"
Cəlalın ifadəsinə görə, Əhəd anidən belində olan bıçağı çıxararaq onun sinə nahiyəsindən bir qədər aşağı hissəyə bir zərbə vurub: "Mən özümü itirdim və yerə yıxıldım. Orada olan qohumlarım Əhədi məndən uzaqlaşdırdılar, məni isə köməkləşərək yerdən qaldırdılar və Abşeron rayon Mərkəzi Xəstəxanasına apardılar.
Mübahisəmiz təxminən söhbətə başladığımızdan 5 dəqiqə ərzində baş verdi. Nə Əhəd, nə də mən bir-birimizə qarşı nalayiq ifadə işlətməmişik. Əhəd məni vurduqdan sonra həmin bıçağı kənara atdı".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhəd 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Oxşar xəbərlər
Hotelə qızıl külçələr apararkən saxlanılan polkovniklə bağlı YENİ QƏRAR - Hadisənin GÖRÜNTÜLƏRİ
İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun cinayət işi üzrə aparılan...
