Baş Prokurorluq Lapşinlə bağlı yeni məlumat yaydı

Baş Prokurorluq Lapşinlə bağlı yeni məlumat yaydı
Hadisə 1669

"Aleksandr Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasına ekstradisiya olunduqdan dərhal sonra - fevralın 8-də Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib".

BAKU.WS-in Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

A.Lapşin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb. Konsulluq əlaqələrinə dair Vyana Konvensiyasının tələblərinə əsasən, Rusiyanın Azərbaycandakı  səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti ilə əlaqədar fevralın 9-da təqsirləndirilən şəxs A.Lapşinin səfirlik əməkdaşları ilə görüşü təmin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək  ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın  dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər