Belarus Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qərar verib
Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında Belarusda saxlanılmış bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə baxılıb.
APA-nın "aysor.am” saytına istinadən verdiyi məlumata görə, Belarus baş prokurorunun müavini Aleksey Stuk A. Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bu barədə Ermənistan Vəkillər Palatasının sədri Ara Zohrabyan "Facebook”da yazıb.
Qərarda bildirilir: "Belarus Daxili İşlər Nazirliyinin cəzaların icrası departamentinə tapşırılsın ki, qərar qüvvəyə mindikdən sonra Lapşin Aleksandr Valeriyeviçin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilməsini təşkil etsin. Qərar barədə Azərbaycan Baş Prokurorluğuna məlumat verilsin”.
A. Zohrabyan deyib ki, qərardan 10 gün müddətində şikayət vermək olar.
Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.
A. Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun həbsinə və ekstradisiyasına qarşı olduqlarını bəyan edib.
BAKU.WS
Oxşar xəbərlər
Artur Rasizadədən vacib qərar
Azərbaycan Respublikasının Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradı...