Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi - İşə polis qarışdı

Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi - İşə polis qarışdı
Hadisə 808

Azərbaycanın Avstraliyadakı səfirliyinə göndərilən şübhəli bağlama hüquq-mühafizə orqanlarına təhvil verilib.BAKU.WS AzərTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Agentliyin ölkə üzrə xüsusi müxbirinə bildirib.

E.Həbibzadə qeyd edib ki, şübhəli bağlama yanvarın 9-da səfirliyə daxil olub. Onun üzərində göndərildiyi ünvan və şəxsin adının göstərilməməsi şübhə doğurub. Yanvarın 8-də Avstraliya Xarici İşlər və Ticarət Departamentindən daxil olan xəbərdarlıq nəzərə alınaraq, dərhal polislə əlaqə yaradılıb. Yanvarın 10-da səhər saatlarında səfirliyə gələn polis əməkdaşları bağlamanı təhvil alıblar.

Müvəqqəti işlər vəkili əlavə edib ki, hazırda səfirliyin fəaliyyəti üçün heç bir təhlükə yoxdur və diplomatik heyət işini müvafiq qaydada davam etdirir.

Xəbər verdiyimiz kimi, yanvarın 10-da Avstraliya Federal Polisi bu ölkədəki diplomatik missiyalara təhlükəli bağlamalar göndərən şəxsin həbsi barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Avstraliyanın cənub-şərqində yerləşən Şepparton şəhərində yaşayan 48 yaşlı kişi təhlükəli bağlamaların göndərilməsində şübhəli bilinərək həbs olunub. Hazırda bağlamaların tərkibi məhkəmə-tibb ekspertizası tərəfindən yoxlanılır.

Həmin şəxs yanvarın 10-da Melburnun magistr məhkəməsi qarşısında cavab verəcək. O, bir sıra ölkələrin Melburn, Kanberra və Sidneydə yerləşən səfirlik və konsulluqlarına 38 şübhəli bağlama göndərib. Günahı təsdiq olunacağı təqdirdə bu şəxsi 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir.

BAKU.WS

Son xəbərlər