Astarada sərnişin avtobusu aşdı: Xəsarət alanların son durumu açıqlandı

Astarada sərnişin avtobusu aşdı: Xəsarət alanların son durumu açıqlandı
Foto
Hadisə 177

Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfər xəstəxanaya yerləşdirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər (4 qadın və 3 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.

Xəsarət alan şəxslərdən biri cərrahiyyə şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb və ölüm faktı qeydə alınıb.

Digər xəsarət alanların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onların vəziyyətinin stabil olduğu bildirilir.

***

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olanların kimliyi məlum olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı Astara rayon sakini, 1961-ci il təvəllüdlü Səyarə Həsənova hadisə yerində, 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva isə xəstəxanada həyatını itirib.

***

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Astara-Lənkəran marşrut xətti üzrə hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

İlkin məlumata görə hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəzaya düşənlərin toy məclisinə getdikləri bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər