Arvadını öldürməyə cəhd edən kişinin cəzası azaldıldı
Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən S.Tahirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən sonuncu iclasda apellyasiya şikayəti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 il 6 ay həbs cəzasının nəzərdə tutan hökmü dəyişdirilib.
Təqsirləndirilən şəxsin əməli CM-in 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Ona digər cəzasının da toplanması yolu 4 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs nikahsız, lakin faktiki olaraq ər-arvad münasibətində olduğu zərərçəkmiş R.Hüseynova ilə birgə Lənkəranda yaşayıb. 2024-cü ilin oktyabr ayının ortalarında ailə-məişət zəminində aralarında yaranmış mübahisə səbəbindən o, arvadını evdən qovub. Qadın yenidən həmin evə qayıtmaq məqsədilə Lənkəran Şəhər Polis Şöbəsinə müraciət etdikdən sonra S.Tahirov 20 noyabr 2024-cü ildə buna razılıq verib. 21 noyabrda R.Hüseynova yaşayış evinə qayıdıb. Bu zaman S.Tahirov ona aralarında olan problemin polis orqanlarında həll edilməsinin yolverilməz olduğunu bildirib.
Bundan sonra onların aralarında yaranan mübahisə zamanı qadının onun ünvanına nalayiq ifadələr işlətməsi S.Tahirovu qəzəbləndirib. O, qisas almaq məqsədilə arvadını qəsdən öldürmək qərarına gəlib. Bu niyyətini həyata keçirmək üçün evdə olan gəlini və azyaşlı nəvələrinin otağa daxil olmaması üçün qapını arxadan kilidləyib. Daha sonra ov bıçağını götürərək, çarpayının üzərində əyləşmiş R.Hüseynovaya müxtəlif nahiyələrdən dörd dəfə zərbə endirib.
Hadisədən sonra zərərçəkmiş şəxs təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vaxtında göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində onun həyatı xilas edilib.
S.Tahirov hadisədən sonra Lənkəran Şəhər Polis Şöbəsinə gedərək törətdiyi cinayət əməlini etiraf edib və cinayətin aləti olan bir ədəd bıçağı istintaqa təqdim edib.
Oxşar xəbərlər
"Gelandewagen"in 10 min manatlıq təkərlərini oğurlayan şəxslər saxlanılıb
Bakı şəhərinin Nəsimi rayonu ərazisində qarət hadisəsi baş verib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, vətəndaşa məxsus "Gelandewagen" avtomobilinin ümumi...