Arvadına övladlarının gözü qarşısında 12 bıçaq zərbəsi vuran qısqanc ərə ağır cəza - VİDEO

Arvadına övladlarının gözü qarşısında 12 bıçaq zərbəsi vuran qısqanc ərə ağır cəza - VİDEO
Foto Video
Hadisə 205

Övladlarının gözü qarşısında həyat yoldaşını bıçaqlayan kişi 14 il həbs cəzası alıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2019-cu il dekabrın 1-də 3 saylı Şəhər Klinik Xəstəxanasına çoxsaylı bıçaq xəsarətləri ilə Nardaran qəsəbəsində yaşayan Təranə Babayeva gətirilib.

Qadın cərrahi əməliyyat olunaraq həyatı xilas edilib. Məlumat əsasında araşdırma aparan Sabunçu RPİ 42-ci polis bölməsinin əməkdaşlarına məlum olub ki, qadını yaşadığı evdə əri, 1975-ci il təvəllüdlü Əbülfəz Babayev bıçaqlayıb.

Araşdırmalarla müəyyən edilib ki, hadisə Nardaran qəsəbəsi, Vidadi küçəsində yerləşən nömrəsiz evdə yaşanıb.Təranə Babayevanın boyun, döş, qarın nahiyyələrində, həmçinin sol bazusunda və sağ əlində ümumilikdə 12 ədəd yara aşkar edilib.

Sabunçu RPİ İstintaq şöbəsində CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə başlanılan cinayət işi istintaqı rayon prokurorluğu tərəfindən davam etdirilib.

Saxlanılan Əbülfəz Babayevin əməli CM-in 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə tövsif edilib.

İstintaqla müəyyən edilib ki, Əbülfəz Babayev 2018-ci ilin noyabr ayında cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra rəsmi nikahda olduğu Təranə Babayevanı qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlib.

Dekabrın 1-i saat 21:30-da yaşadıqları evdə, istifadəyə yararsız əşyaların saxlanıldığı otaqdan təsərrüfat-məişət təyinatlı bıçağı götürüb və sağ əlində gizlədərək hamam otağına keçib. Arxadan yaxınlaşıb, müqavimətini qırmaq məqsədi ilə sol əli ilə arvadının ağzından tutub.

Ayaqüstə, sonra isə arxası üstə yıxılmış vəziyyətdə bədəninə çoxsaylı zərbələr endirib. Səs-küyə azyaşlı qızlarının ora gəlmələrinə məhəl qoymayaraq qarşılarında xəsarətlər yetirməkdə davam edib. Hadisə yerinə gələn atası bıçağı onun əlindən alaraq cinayətkar əməlini davam etməsinə mane olub.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Əbülfəz Babayev bildirib ki, həmişə həyat yoldaşına inanıb. Amma son zamanlar arvadının bəzi hərəkətləri onda şübhə yaratmağa başlayıb. Aralarında baş vermiş mübahisədən sonra həyat yoldaşı barəsində 42-ci PB-yə şikayət edib.

Hətta axundun yanına gedib, kəbinlərini ləğv etməsini istəyib. Yoldaşının anasına zəng edib, qızını gəlib aparmasını deyib.

Hadisə günü əmisioğlu Əbdüləli Babayevlə həyətlərində Təranə ilə söhbət etdiyini görüb və bundan əsəbiləşib. Əbülfəz Babayev qeyd edib ki, arvadını öldürmək məqsədi olmayıb. Qorxutmaq üçün qadına xəsarətlər yetirib, onun evdən çıxıb getməsini istəyib.

Zərərçəkmiş Təranə Babayeva ifadəsində göstərib ki, Əbülfəz Babayev 2018-ci ilin noyabr ayında azadlığa çıxdıqdan sonra əsassız yerə onu qısqanmağa və xəyanətdə ittiham etməyə başlayıb. Həmin vaxtdan Əbülfəzlə münasibətləri korlanıb.

Onun mobil telefon işlətməyinə şübhəylə yanaşıb. Aralarında mübahisə yaranıb, əri anasını evə çağıraraq telefonu ona verib. Əbülfəzin pula ehtiyacı olduğu üçün 2019-cu ilin yanvar ayında həmin telefonu satıb.

Qadın bildirib ki, həyat yoldaşı böhtan atmağa başlayıb. Guya anası və bacısı qonşuluqda yaşayan Əbdüləli Babayevlə onun arasında əlaqə quraraq vasitəçilik ediblər. Oktyabr ayında Əbülfəz onunla dalaşdığından 20 gün inzibati həbsdə qalıb.

Məhkəmə hesab edib ki, Əbülfəz Babayev CM-in 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər