2022-ci ilin ən səs-küylü ölümləri - Azərbaycanlı məşhurlar haqda bilmədikləriniz - FOTO

2022-ci ilin ən səs-küylü ölümləri - Azərbaycanlı məşhurlar haqda bilmədikləriniz - FOTO
Hadisə 1530

2022-ci il həm də Azərbaycanın mədəniyyət və incəsənət aləmində kədərli hadisələrlə yadda qaldı. Bir çox tanınmış Xalq artistləri, Əməkdar artistlər dünyasını dəyişdi. İlin ən səs-küylü ölümü müğənni və bəstəkar Rəhim Rəhimlinin qəfil vəfatı oldu. Gözlənilmədən dünyasını dəyişən məşhurlardan biri də uzun illərdir ABŞ-da yaşayan aktrisa Firəngiz Rəhimbəyova idi. O elə Kaliforniyada da dəfn edildi. Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın Honq-Konqda qızı Canana Paşa Süleymaninin evində vəfat etməsi də ölkədə ajiotajla qarşılandı. Sənətkar vətənə gətirilərək həyat yoldaşının yanında dəfn edildi.

BAKU.WS 2022-ci ildə vəfat edən məşhurların siyahısını təqdim edir:

2022-ci il qədəm qoyar-qoymaz yanvarın 8-i Əməkdar artist Novruz Qartal vəfat etdi. Bu barədə ilk məlumatı aktyor Əjdər Dadaşov yayıb. Mərhum uzun müddət bağırsaq xərçəngindən əziyyət çəkib. Novruz Qartal “İmamzadə” ziyarətgah qəbiristanlığında dəfn olundu.

Fevralın 23-də Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat etdi. Bu barədə ilk məlumatı jurnalist Əli Novruzəliyev instaqram hesabında yaydı. 84 yaşlı sənətçi II Fəxri xiyabanda dəfn edildi. 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçı idi.

Bir gün sonra yəni, fevralın 24-də televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev 84 yaşında dünyasını dəyişdi. Onunla vida mərasimi Təzə Pir məscidində keçirildi. Rejissor Nardaran qəbiristanlığında torpağa tapşırıldı.

Fevralın 25-də isə Xalq artisti Əlibaba Məmmədov vəfat etdi. 92 yaşlı sənətçi birinci Fəxri xiyabanda dəfn edildi. Onun dəfnində ailə üzvləri, yaxınları, eləcə də keçmiş mədəniyyət naziri Anar Kərimov, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişdi. Bu barədə ilk Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yaydı. İbrahimbəyov uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat etdi. Mərhum Fəxri xiyabanda torpağa tapşırıldı. Onun dəfnində ailə üzvləri, yaxınları, keçmiş mədəniyyət naziri Anar Kərimov, ictimaiyyət nümayəndələri, o cümlədən Xalq artisti Emin Ağalarov da iştirak edib.

Xalq artisti, teatr rejissoru Vaqif Əsədov bu il mayın 18-də vəfat edib. Bu barədə ilk dəfə aktyor İlham Əsədov sosial şəbəkə hesabında bildirib. Mərhum “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb. 2020-ci ildə rejissorun oğlu Oqtay Əsədov, 2021-ci ildə isə Ukraynada təhsil alan nəvəsi Emil Əsədov dünyasını dəyişib.

Uzun illərdir Amerikada yaşayan aktrisa Firəngiz Rəhimbəyova da bu il avqustun 15-də 62 yaşında dünyasını dəyişdi. Bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat yaydı. Müğənninin ürəktutmasından vəfat etdiyi bildirildi. Sənətçi Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn olundu. Firəngiz Rəhimbəyova ölümündən bir neçə gün əvvəl 62 yaşını qeyd etmişdi.

Bu il sentyabrın 7-də azərbaycanlı dirijor Fazil Əliyev vəfat etdi. O, 77 yaşında ABŞ-ın Nyu Cersi ştatında dünyasını dəyişdi. Əməkdar incəsənət xadiminin ölümünə uzunsürən xəstəliyin səbəb olduğu qeyd edildi.

İlin ən səs-küylü ölümü müğənni-bəstəkar Rəhim Rəhimlinin sentyabrın 30-u gecə saatlarında qəfil vəfatı oldu. Bu barədə ilk məlumatı Xalq artisti Faiq Ağayev sosial şəbəkə hesabında yaydı. Sənətçi kəskin ağciyər, ürək çatışmazlığından vəfat etdi. Rəhim Rəhimli Bülbülə qəbiristanlığına torpağa tapşırıldı.

Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova oktyabrın 9-da dünyasını dəyişdi. Bu barədə ilk dəfə teatrşünas Anar Bürcəliyev feysbuk hesabında məlumat yaydı. Bəstəkar Honq-Konqda qızı Canana Paşa Süleymaninin evində vəfat etdi. Onun nəşi oktyabrın 12-də Bakıya Təzə Pir məscidinə gətirildi və Yasamal qəbiristanlığında həyat yoldaşı Vasif bəyin yanında dəfn edildi.

Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) oktyabrın 23-də vəfat etdi. O, uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Sənətkarın vəfatı ilə bağlı ilk dəfə aparıcı Hacı Nuran Hüseynov instaqram hesabında məlumat yaydı. 83 yaşlı sənətçinin ayaq barmaqları amputasiya edilmişdi. Dədə Süleyman Müşfiqabad qəbiristanlığında ailə məzarlığında dəfn olundu.

Son xəbərlər