4 ayda 40 jurnalist həlak olub

4 ayda 40 jurnalist həlak olub
Hadisə 955
 

2016-cı ilin başlanğıcından bu yana dünyada 40 jurnalist öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalist hüquqları və söz azadlığının pozulması barədə məqalə hazırlayan Press Emblem Campaign (PEC) qeyri-hökumət təşkilatı məlumat yayıb. 

Jurnalistlər üçün ən təhlükəli ölkələr isə İraq, Liviya, Somali, Suriya və Yəmən hesab edilib. Bu ölkələrin ərazisində vətəndaş müharibələri və terrorçu qruplaşmalara qarşı döyüşlər gedir. 

"Dünyada hazırda baş verən terror aktları və terrorla mübarizə 2016-cı ildə jurnalistlərin ölüm, yaralanma, girov götürülmə faktlarının artacağı, onların azad şəkildə öz işlərini görmələrinin daha da çətinləşəcəyini göstərir. Mətbuatın azadlığı daha da məhdudlaşacaq”, - deyə təşkilatın dərc etdiyi məqalədə deyilir. 

QHT-nin hesablamalarına görə, 2015-ci ildən bu yana dünyada 135 jurnalist həyatını itirib.

Başqa bir təşkilat - Jurnalistlərin Müdafiəsi Komitəsi (Committee to Protect Journalists - CPJ) hesabatında 2015-ci ildə bütün dünyada 69 jurnalistin peşə fəaliyyəti zamanı həlak olduğu qeyd edilib.

Jurnalistlər üçün təhlükəli ölkələrin siyahısında isə ötən il Şimali Sudan, Yəmən, İraq və Banqladeş də var. Adıçəkilən ölkələrin hərəsində bu il 5 jurnalist öldürülüb. Meksika 4, Somali 3 jurnalistin qətli ilə siyahıda ardıcıl olaraq 8-9-cu yerləri tuturlar. 

Keniya, Ukrayna, Pakistan, Kolumbiya, Liviya, Polşa, Qana, Hindistan və Qvatemalanın hərəsində 1 jurnalist qətlə yetirilib.

2014-cü ildə öldürülən jurnalistlərin sayı 61 olsa da CPJ ən azı 26 ölən jurnalistin öldürülmə səbəbi vəzifələri ilə əlaqədar olub - olmadığını araşdırır.

2015-ci ildə Suriyada 13 jurnalistin öldürülməsindən sonra beynəlxalq media qurumları bu ölkəyə jurnalistləri göndərməmək qərarı verib. Bundan sonra Suriyada olan jurnalistlər bu ölkəni tərk ediblər.

CPJ Liviya, Yəmən və İraq kimi münaqişə zonalarında media işçilərinin ölümü hadisələrini araşdırmaqda çətinliklər çəkir.

Ötən ilin yanvar ayında Parisdə 8 jurnalistin qətlə yetirilməsi ilə nəticələnən "Charlie Hebdo" qətliamı Əl-Qaidənin öz üzərinə götürməsindən sonra Fransa da jurnalistlər üçün təhlükəli ölkələr siyahısına daxil edilib.

Digər tərəfdən Sərhədsiz Reportyorlar qrupu 2015-ci ildə 110 jurnalistin öldürüldüyünü, 67-nin isə vəzifə başında öldüyünü açıqlayıb. Ümumiyyətlə 2004-cü ildən bu yana öldürülən jurnalistlərin sayı 787-yə çatıb.

BAKU.WS

Son xəbərlər