"Qəbələ”nin futbolçusu Cavid Hüseynovu Facebook sosial şəbəkəsində təhqir etdiyinə görə döyüldüyü deyilən və xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bir nəfər həbs olunub.

 

BAKU.WS-in məlumatına görə, bu barədə bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bildirilir ki, həmin cinayətdə adı hallananlardan biri Cavid Hüseynovun bibisioğludur. Həmçinin bildirilir ki, həmin şəxs də futbilçudur.

Həmçinin bildirilir "Qəbələ"nin sabiq kapitanının həbs edilən bibisioğlunun ad-soyadı Elşən İsmayılovdur.

Bakı Şəhər Baş Polis İdarəsindən "Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu cinayət işi diqqət mərkəzindədir.


Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.


Ziya Səccad
BAKU.WS