Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xəbər veriyimiz kimi bu gün məhləmədə YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov ifadə verib. Məhkəmə prosesində jurnalistlərin iştirakına icazə verilməyib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov fasilədən sonra prosesdə olanlarla bağlı musavat.com-a açıqlama verib.

Vəkil Tağı Əhmədova suallar verilməsi üçün şərait yaradılmamasından şikayətlənib: "Hakim imkan vermədi ki, Tağı Əhmədova suallar verək. Akif Çovdarov da Tağı Əhmədovun prosesdə qalmasını və ona suallar vermək istədiyini dedi. Akif Çovdarov ifadə verən zaman Tağı Əhmədovun da orada olmasını istədi. Amma hakim bunu təmin etmədi".

Akif Çovdarovun Tağı Əhmədovdan ittihamda qeyd edilən 3 milyonu alması epizodu üzrə danışan vəkil qeyd edib ki, qaranlıq məqamlar açılmamış qalıb: "Biz ondan 44 illik fəaliyyəti dövründə qazandığını dediyi 3 milyon manatın mənbəyini soruşmaq istədik. Hakim buna da imkan vermədi. Elə bil Tağının yox, hakimlərin pulunun müqayisəsini aparırdıq. Mən 2006-cı ildən bəri Tağı Əhmədovun illik əmək haqqısı haqda çıxarış almışam. Tağı Əhmədovun qazancı illik 20-22 min manatdan çox olmayıb. Bu da 3 milyon etmir".

Məhkəmədə Tağı Əhmədov istintaqa ifadəsini təsdiqləyib. Amma məhkəmədə dediklərində ziddiyyətlər olub. Ziddiyyətlərdən biri bu olub ki, Tağı Əhmədov istintaqda MTN əməkdaşı Rəsul Rəsulovla martın 26-da görüşdüyünü və Rəsulun ona Çovdarovun pul istədiyini dediyini bildirib.

"Tağı Əhmədov 2 gün sonra yenə Rəsul Rəsulovla görüşdüyünü və 3-5 milyon manat pul tələb edildiyini bildirib. Həmin vaxt da pulu düzəldib Çovdarova verib. Ruslan Əhmədov və Əli Əhmədov da pulu 26-27 mart tarixlərində verdiklərini deyiblər. Məlumatlarda isə Tağı Əhmədovun həmin vaxt o ərazidə olmadığı bəlli olub. Sərhəd Xidmətinə verilən sorğumuza cavabda məlum olub ki, martın 26-da Tağı Əhmədov Dubayda olub" - deyə vəkil açıqlamasında əlavə edib.

Məhkəmədə T.Əhmədov istintaqda belə söz demədiyini bildirib. Bu zaman hakim ona getməsini deyib. O da zaldan çıxıb.

Qeyd edək ki, Ruslan Əhmədov Tağı Əhmədovun oğlu, Əli Əhmədov isə qardaşı oğludur.

Vəkil deyib ki, məhkəmə prosesi Tağı Əhmədovun istədiyi formada keçirilirdi: "İstədiyi suala cavab verirdi, istəmədiyi suala yox. Hakim də buna göz yumurdu. Biz Tağı Əhmədova başa sala bilmədik ki, hakim sualı çıxarmayana qədər o suala cavab verməlidir, oğlu da hakimdir. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra Tağı Əhmədov Rəsul Rəsulova "Akif Çovdarova denən pulu qaytarsın" məzmunlu mesaj yazıb".

General Akif Çovdarov isə Tağı Əhmədovdan məhkəmədə düz danışmasını istəyib: "Mən 8 il sənin kuratorun olmuşam. Bir dəfə də səninlə aramda telefon danışığı olmayıb".

T.Əhmədov generalın dediyini təsdiqləyib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
 
BAKU.WS