SİZİN REKLAM BURADA!
055 213 76 73


“Məktəbdə artıq ikinci dəfədir ki, belə hadisə baş verir”.

Bu sözləri bu gün qətl hadisəsinin baş verdiyi Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni deyib.

O, Raul Rəhimovun məktəbin içində bıçaqlandığını bildirib.

“Görən adamlar deyirlər ki, hadisə məktəbin içində baş verib. Məktəbdə oxumayan uşağın məktəbdə nə işi var? Deyirlər qətl həyətdə olub, o zaman hanı hadisənin izləri?” - deyə, o qeyd edib.

Daha ətraflı süjetdə:

***14:06

Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Bəxtiyar oğlu Rəhimovun qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb. 

Mərhumun yaxın qohumları bizim.media-nın yerli bürosuna bildiriblər ki, Raulla ona bıçaq zərbəsi endirən həmyaşıdı Fərid Şabanov arasında əvvəllər də mübahisə olub. 

Məlumata görə, F. Şabanov Bağmanlar qəsəbəsində babasının evində yaşayır. F. Şabanovun anası, Raulun isə babası həmin məktəbdə müəllimdir. Ötən il keçirilən “Son zəng” mərasimində onlar arasında bir dəfə də mübahisə olub.

“Raul çox sakit və mehriban uşaq idi. Böyük-kiçiyin yerini bilən idi. Uzaqdan bir az qohumluqları da çatır. Onu niyə bıçaqla vurduğunu biz də hələ bilmirik. Bildiyimiz odur ki, səhər məktəbə gedib və bu hadisə baş verib”, - deyə Raulun qohumu əlavə edib. 

Gəncə Şəhər Regional Təhsil İdarəsinin məlumatına görə, qətli törədən  F. Şabanov məktəbin şagirdi deyil.

***12:45

Bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı bəzi detallar məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov Qafqazinfo-ya bildirib ki, qətl törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü F.Şabanov hadisədən əvvəl məktəbə daxil olmağa çalışıb:

“Lakin məktəbin məsul şəxsləri onun məktəb binasına daxil olmasına icazə verməyiblər.

O, məktəbdən çıxarılarkən əsəbi halda şagirdlərlə mübahisə edib. Həmin vaxt dərsə gələn şagird Rəhimov Raul Bəxtiyar oğlu ilə də arasında münaqişə yaranıb. Mübahisə zamanı kənar şəxs Raul Rəhimova bıçaq xəsarəti yetirib”.

İdarə rəsmisi bildirib ki, F.Şabanov 10-cu sinifdə təhsilini yarımçıq dayandırıb:

“O, valideynin ərizəsi əsasında orta məktəbdəki təhsilini dayandırıb və ondan sonra heç bir məktəbdə təhsilinə davam etməyib”.

Qeyd edək ki, 2022-ci ilin aprel ayında da Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə şagird qızlardan biri sinif yoldaşını bıçaqlayıb.

***11:24

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

***11.09

Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə davamiyyəti yaxşı olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, o, səhər saatlarında dərsə gedən zaman məktəbin qarşısında 1 bıçaq zərbəsi ilə ağır xəsarət alıb.

Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8 nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb. Hadisəni törədən şəxsin digər məktəblərdən birində oxuduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

***10:17

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib:

"Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

BAKU.WS
QALEREYA