SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından iki il ötür.

BAKU.WS xəbər verir ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili 2021-ci il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.

Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif ediliblər. Əmrə əsasən, Abışov Sirac Abış oğlu və İbrahimov Məhərrəm Əli oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Allah rəhmət eləsin!

BAKU.WS