SİZİN REKLAM BURADA!
055 213 76 73


“Şəxsin polisin qanuni tələbinə tabe olmaması Azərbaycan Respublikasının İnzibati Xətalar (İXM) Məcəlləsinin 535.1-ci maddəsinə görə məsuliyyət yaradır. Fiziki şəxslər 200 manat məbləğində cərimə edilir. Yol verilən qanun pozuntusunun hallarına və şəxsin şəxsiyyəti nəzərə alınmaqla bir ay müddətinə inzibati qaydada həbs edilməsi mümkündür”.

BAKU.WS xəbər verir ki, bu barədə hüquqşünas Ramil Süleymanov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Səbail rayonunda gecə saatlarında tabesizlik göstərən sürücünün idarə etdiyi yük maşınının polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq dayandırılması hadisəsinə münasibət bildirərkən deyib.

O bildirib ki, bu, inzibati məsuliyyət yaratmaqla yanaşı, polisin yük avtomobilini dayandırdığı zaman konkret hansı hallara əsasən protokol tərtib etməsi ilə də bağlıdır:

“Xidməti təlimatın 5.9 maddəsinə əsasən, insan həyatına və sağlamlığına real təhlükə yaranarsa, nəqliyyat vasitəsinin dayandırılması ilə bağlı inspektorun qanuni “saxla” əmrinə tabe olunmazsa, Yol Patrul Xidmətinin (YPX) əməkdaşının məcburi dayandırma vasitələrindən istifadə etmək haqqı var.

Qanunvericiliklə buna icazə var. YPX inspektorunun təlimatlarına əsasən, məcburi dayandırma vasitələri - kirpilər, stasionar postlarda olan avtomatik çıxan çəpərlərdən istifadəyə icazə verilir. Polisin xidməti avtomobilində “kirpi” olmadığı halda “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin ikinci hissəsinin birinci bəndinə əsasən, insan həyatına real təhlükə yarandıqda xüsusi vasitələrlə nəqliyyat vasitəsini dayandırmaq icazələri var.

Eyni zamanda, həmin maddənin dördüncü bəndində sadalanan vəziyyətlərdə odlu silahdan istifadəyə də icazə də verilir. Hətta odlu silahdan istifadə edilərsə, nəqliyyat vasitəsinin təkəri hədəf alınmaqla məcburi dayandırma həyata keçirilə bilər. Burada konkret hallar mütləq araşdırılmalıdır.

DİN-in Daxili Nəzarət Şöbəsi də bu məsələni araşdıracaq. Hadisədə silahdan istifadə olduğu üçün YPX əməkdaşının ən son vəziyyətdə, son çıxış yolu kimi bu addımı atması aidiyyəti qurumlar tərəfindən təsdiqini tapmalıdır. Bu, öz təsdiqini tapdıqdan sonra polis əməkdaşının bu addımı cinayət əməli və ya inzibati məsuliyyət kimi qiymətləndirilməyəcək. Üstəlik sürücünün alkoqollu içki və narkotik maddənin təsiri altında olduğu müəyyən edilibsə, o zaman polisin silah tətbiqi qanuni olub. Bu zaman polisin bu addımı qanunvericiliklə tənzimlənir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsində də silahdan istifadə ilə bağlı zəruri məqamlar öz əksini tapır və qanunvericiliklə tənzimlənir”.

Qeyd edək ki, ötən gün Səbail rayonunda gecə saatlarında tabesizlik göstərən yük maşını polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq dayandırılıb.

*** 13:58

Dünən gecə Bakıda polisə tabe olmayan sürücünün yük müşınına atəş açılıb. 

BAKU.WS xəbər verir ki, hadisə anını əks etdirən görüntülər saytın "Qaynar xətti"nə daxil olub. 

Xatırladaq ki, Səbail rayonu, Litvin Babayev küçəsində axşam radələrində tabesizlik göstərən yük maşını polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq saxlanılıb. Bu zaman “Mercedes-Benz” markalı yük maşınının sürücü polisin “saxla” əmrinə tabe olmayaraq yolda zəncirvari qəzanın yaşanmasına səbəb olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında bildirib ki, yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar:

"1983-cü il təvəllüdlü əvvəllər məhkumluq həyatı yaşamamış, Səbail rayon sakini Muradov Yaşar Əli oğluna idarə etdiyi yük avtomobili ilə yolayrıcını keçmə qaydasını pozduğuna görə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Onu da qeyd edim ki, polisə tabesizlik göstərərkən yaxınlıqdakı 5 avtomobilə ziyan vurub. Atəşlə avtomobilin arxa təkərlərini partladıblar və sürücünü saxlayıblar. Saxlanılarkən şəxsin anlaqsız vəziyyətdə, sərxoş olduğu məlum olub. Şəxsdən kəskin spirt qoxusu gəlib. O, yol polisinə tabe olmadığı üçün əraziyə dəstək üçün post patrul xidmətinin əməkdaşları cəlb edilib".

Şəxs saxlanıldıqdan sonra həkim müayinəsinə aparılıb. Məlum olub ki, o, nəinki alkoqollu içkinin təsiri altındadır, həm də narkotik vasitə qəbul edib.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO