13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Dörd ay əvvəl külli miqdarda mənimsəmədə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş 71 yaşlı sabiq baş hakim Rəsul Baxşəliyev və müavini Zinyət İsmayılova ilə bağlı hökmdən verilmiş şikayətlərə baxılıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə qərar qəbul olunub.

Hakim Həsən Əhmədovun sədrlik etdiyi iclasda birinci instansiya məhkəməsində iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığı, həmçinin təyin olunmuş cəzanın ağır olduğu qənaətinə gəlinərək hökm dəyişdirilib.

Qərara əsasən, Rəsul Baxşəliyevin cəzası iki il azaldılaraq 8 il 6 aya endirilib. Təqsirləndirilən Zinyət İsmayılovanın isə 14 yaşına çatmamış övladı olduğu üçün barəsindəki hökmün icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Xatırladaq ki, Rəsul Baxşəliyev 1992-2021-ci illərdə Bakı şəhəri, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi olub.

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlər zamanı sabiq baş hakim Rəsul Baxşəliyev, iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılova və xəstəxananın digər əməkdaşları Əli Əliyev və Afət İbrahimova barəsində cinayət işi başlanılıb.

İttihama görə, Rəsul Rəsulov işə gəlməyən bir neçə şəxsin adını xəstəxanada bağban, tibb bacısı, sanitar, həkim kimi rəsmiləşdirərək ümumilikdə 629 min manat pul mənimsəyib.

Təqsirləndirilən Zinyət İsmayılova və digər iki nəfər isə cinayət əməlində baş həkimə köməklik göstəriblər.

Rəsul Baxşəliyev və müavini Zinyət İsmayılova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) digərləri isə cinayətdə iştirakçılıqda ittihamı olunurlar. Məhkəmə gedişi zamanı vurulan maddi ziyanın 300 min manat hissəsinin ödənilib. 71 yaşlı sabiq baş həkim məhkəmədə bundan artıq vəsait ödəməyə imkanı olmadığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Baxşəliyev 10 il 6 ay, Zinyət İsmayılovanın isə beş il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunublar.

İttiham olunan Əli Əliyev və Afət İbrahimovaya isə sınaq müddəti seçilməklə şərti cəza verilib.

BAKU.WS