SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda, Dəmir Yolu Vağzalının ətrafındakı meydanda uzun illərdir topdansatış fəaliyyəti göstərən mağazalar sökülüb. "Azərbaycan Dəmir yolları” QSC-nin balansında olan sahədə artıq yeni ticarət mərkəzinin tikintisinə də başlanılıb.

Virtualaz.org xəbər verir ki, sökülən mağaza sahiblərinə yeni tikilən ticarət mərkəzində yer veriləcəyi deyilsə də, bəzi sahibkarlar sənədlərinin olmamasını əsas gətirərək onlara yer verilməyəcəyindən narahatdırlar.

Yeni ticarət mərkəzini "Azərbaycan Dəmir Yolları” ASC-nin sifarişi əsasında "Bina-Körpü” MMC inşa edir. Ancaq tikintiyə məsul şəxslərdən heç kimlə əlaqə saxlaya bilmədik. Onu dəqiqləşdirə bildik ki, bu vaxta qədər 20-dən çox mağaza sökülüb və bəzi mağaza sahibləri yaxınlıqdakı zirzəmilərdə müvəqqəti olaraq yerləşiblər.

"15-20 gündür ki, mağazalar sökülüb. Söküntü işləri buradakı mağazaların bir-birinə uyğun gəlmədiyinə görə aparılıb. Çünki hərəsi bir boydadır - biri hündür, biri alçaq idi. Yerində böyük ticarət mərkəzi tikiləcək”, - bunu virtualaz.org-a söküntü işlərinin getdiyi ərazidə arabaçı işləyən Eldar adlı şəxs bildirib.

Tikinti meydançasında yeni ticarət mərkəzinin özülünü qazmaqla məşğul olan buldozerçi isə bunları dedi: "Artıq yeni ticarət obyektinin özülü qazılır. Yaxın bir-iki ay ərzində ticarət mərkəzi tikilib təhvil veriləcək. Kimin ki, burada mağazası olub, ona da yəqin ki, yer veriləcək”.

Sökülən mağaza sahiblərindən biri - Rusiya ədviyyatlarının və müalicəvi otların satışı ilə məşğul olan Ravilin sözlərinə görə, mağaza sahiblərindən yalnız 5-6 nəfərin "kupça”sı var idi. Qalanlar həmin yeri icarəyə götürərək istifadə edirdilər.

"10 ildən çoxdur ki, burada işləyirdik. Bizə söz veriblər ki, yeni ticarət mərkəzində bizə də yer verəcəklər. Yəni əvvəlki kimi icarə ilə mağaza işlədə biləcəyik. Yeni mağazaların hər kvadrat metrinə görə 70-80 manat pul ödəyəcəyik. Əslində dedikləri kimi olsa, bizə sərf edər. Çünki əvvəlki yerdə 10 kv m mağaza üçün 1000 manat aylıq ödəniş edirdim”, - deyə mağaza sahibi bildirib.

Dəmir yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə sahibkarlar üçün narahatçılığa heç bir əsas olmadığını deyir. Onun sözlərinə görə, söküntü işləri vağzalın ətrafında aparılan yenidənqurma işləri ilə əlaqədardır.

"Çünki həmin mağzalar arxitekturaya uyğun deyildi. Ona görə qərara gəldik ki, o mağazalar sökülsün və yerində daha müasir mağazalar tikilsin. 30-a yaxın mağaza söküldü, kimin "kupça”sı var, onlara mağaza veriləcək, olmayanlara da demişik ki, sənədlərini hazırlasınlar, yeni mağazalar onlara icarəyə veriləcək. Artıq həmin sahibkarlarla razılığa gəlinib”.

QSC rəsmisi sahibkarlar arasında bəzi narazılıqların olmasını da etiraf etdi. Onun sözlərinə görə, sənədi olmayan sahibkarlar iş yerlərini itirməkdən narahat olsalar da, onlara sənədlərini qaydaya salmaq üçün imkan verilib. Bildirilib ki, ticarət mərkəzi hazır olandan sonra onlara da icarəyə yerlər veriləcək.

"Tikinti işləri bu ilin sonuna kimi yekunlaşmalıdır. Sahibkarlar xahiş edirlər ki, işlər tez başa çatsın. Ona görə də işlər bir qədər sürətləndiriləcək”, - deyə N. Əzməmmədov bildirib.

BAKU.WS