15 il sonra ölən qardaşlarına görə qisas aldılar: 24 bıçaq zərbəsi vurdular
Şəki Ağır Cinayətlər Məhkəməsi Yevlax şəhərində qisas zəminində törədilmiş silahlı hücum və qətl cəhdi faktı üzrə cinayət işi ilə bağlı hökm elan edib. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən qardaşlar uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
Məhkəmə müəyyən edib ki, 1995-ci il təvəllüdlü və 1990-cı il təvəllüdlü qardaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (qrup halında qəsdən adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə təqsirli biliniblər. Bundan əlavə, hər iki şəxs 221.3-cü (xuliqanlıq) maddəsi ilə, böyük qardaş isə əlavə olaraq 228.4-cü (qanunsuz silah saxlama) maddəsi ilə də məhkum edilib.
Hökmə əsasən, 1995-ci il təvəllüdlü təqsirləndirilən şəxsə qismən cəzaların toplanması yolu ilə 12 il, 1990-cı il təvəllüdlü təqsirləndirilən şəxsə isə 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Cəza müddəti müvafiq olaraq 7 və 8 noyabr 2024-cü il tarixlərindən hesablanacaq.
BAKU.WS-in məlumatına görə, hadisə 7 noyabr 2024-cü il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri, R.Budaqov küçəsində baş verib.
Təqsirləndirilənlər 2009-cu ildə onların qardaşını qətlə yetirdiyinə görə məhkum olunmuş və sonradan azadlığa buraxılmış 1984-cü il təvəllüdlü şəxsi qisas məqsədilə izləyiblər. Onlar qanunsuz saxladıqları bıçaqlarla zərərçəkmişə hücum edərək, ictimai qaydanı kobud şəkildə pozub və ona 24 bıçaq xəsarəti yetiriblər. Zərərçəkmiş vaxtında göstərilən tibbi yardım nəticəsində sağ qalıb.
Hücum zamanı hadisəyə müdaxilə edən digər bir şəxs də bıçaqla yüngül xəsarət alıb. Məhkəmə təqsirləndirilənlərin hərəkətlərini xüsusi amansızlıqla törədilmiş qətl cəhdi və xuliqanlıq kimi qiymətləndirib.
Məhkəmə iclasında təqsirləndirilənlər özlərini qismən təqsirli biliblər və peşman olduqlarını bildiriblər. Hökm çıxarılarkən onların əvvəllər məhkum olunmamaları, müsbət xarakterizə edilmələri və cinayətin başa çatmaması yüngülləşdirici hallar kimi nəzərə alınıb. Ağırlaşdırıcı hal müəyyən edilməyib.
Oxşar xəbərlər
Sələmçini öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verdi: "Təhqir etdiyinə görə vurdum"
Bakıda sələmçini öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işinin məhkəmə baxışı keçirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iclas Bakı Ağır...