SİZİN REKLAM BURADA!
055 213 76 73


2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyev aylardır davam edən açıq məhkəmə prosesinə jurnalistlərin buraxılmasının qarşısını alır. Zərərçəkənlər bunu hakim Elbəy Allahverdiyevin vaxtilə Mövlam Şıxəliyevin rəhbərliyi altında çalışması, o zamandan yaxın münasibətlərinin olması ilə izah edirlər. Deyirlər ki, Elbəy Allahverdiyev jurnalistləri məhkəmə binasına Mövlam Şıxəliyevin göstərişi, xahişi ilə buraxmaqdan imtina edir. Zərərçəkənlərin, onların vəkillərinin açıq məhkəmə prosesinə jurnalistlərin buraxılması ilə bağlı israrlı tələb və vəsatətlərinə də hakim reaksiya verməyə tələsmir.

Bununla belə, hakim də, Mövlam Şıxəliyev də məhkəmə prosesində baş verənlərin mətbuatda işıqlandırılmasının qarşısını ala bilmirlər.

Mövlam Şıxəliyevin vəkilləri isə “Yeni Müsavat”a müsahibələrində deyiblər ki, jurnalistlərin məhkəmə prosesində iştirakı ilə bağlı məsələ hakimin səlahiyyətlərinə aiddir.

Mövlam Şıxəliyevin vəkillərindən Ceyhun Yusifov deyir ki, məhkəmə prosesində olan hallar bəzən mətbuata yanlış çatdırılır:

“Mövlam Şıxəliyev Rüstəm Usubovla bağlı nə isə deməyib. Nəinki heç nə deməyib, heç onun adını çəkməyib. Zərərçəkənlərdən xahiş edirəm ki, proseslə bağlı yanlış fikir formalaşdıracaq məlumatlar verməsinlər. Məhkəmənin obyektiv nəticəyə gələcəyinə inanırıq. Zərərçəkənlərin göstərdiyi hallar yalandır, Mövlam Şıxəliyev heç bir cinayət törətməyib. Mövlam Şıxəliyevin Rüstəm Usubovun adını çəkməsi necə şər-böhtandırsa, verilən ittiham da onun davamıdır. Mövlam Şıxəliyev istintaqa qısa ifadə verib və ondan sonra heç bir ifadə verməyib. Belə olan halda, hörmətli Rüstəm Usubovunu adını necə çəkə bilər? Bu məlumatlar çaşdırıcı məlumatlardır və belə məlumatlara inanmasınlar”.

Vəkil bildirib ki, Mövlam Şıxəliyevin adından onun danışmaq səlahiyyəti var və o da belə bir açıqlama verməyib:

“Rüstəm Usubovla bağlı fikirləri rədd edirik, onun barəsində biz açıqlama verməmişik”.

İş üzrə Baş Prokurorluğun İstintaq İdarəsində 5 ilə yaxın istintaq aparılıb, 32 zərərçəkən müəyyən olunub, dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisi müəyyən olunaraq tanınıb. İstintaq zamanı 36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurulduğu təsbit olunub. 4 təqsirləndirilən şəxsdən ikisinin – Mövlam Şıxəliyevlə Yasin Məmmədovun əmlaklarının müsadirə üçün üzərilərinə həbs qoyulub. İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir. Mövlam Şıxəliyevin ümumi dəyəri 7 milyon 738 min 170 manatlıq, Yasin Məmmədovun isə 278 min 600 manatlıq əmlakları xüsusi müsadirəyə təklif olunub. Bu o deməkdir ki, zərərçəkənlərə dəyən ziyanın 12 milyonluq hissəsinin hansı mənbədən ödənəcəyi aydın deyil. Bu baxımdan zərərçəkənlərin təqsirləndirilən şəxslərin əmlaklarının tam olaraq müəyyənləşdirilməsi tələbləri haqlı görünür. Onlar xüsusilə Mövlam Şıxəliyevin əmlaklarının müəyyən olunmasına çalışır, müstəqil şəkildə araşdırma aparırlar.

Cinayət işi üzrə proses ötən ilin oktyabrında başlanıb. Açıq keçirilən məhkəmə prosesinə ötən müddət ərzində jurnalistlər buraxılmır. Fevralın 15-də baş tutan prosesdən əvvəl jurnalistlər bu məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova müraciət ediblər. İş üzrə hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini faktiki olaraq qapalı keçirməsinin səbəbini Həbib Həsənov da açıqlaya bilməyib. Deyib ki, jurnalistlərin məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı hakim qərar verə bilər. Əməkdaşlarının açıq məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı “Yeni Müsavat” qəzetinin, “Teleqraf.com”, “Qaynar.info”, “Haqqin.az” saytlarının baş redaktorları Həbib Həsənova və Elbəy Allahevrdiyevə də rəsmi müraciət ünvanlayıblar. Həbib Həsənov müraciətə baxılacağını bildirib. Son prosesdə iş üzrə zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov da jurnalistlərin məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsatət verib. Hakim Elbəy Allahverdiyev heç bir əsaslandırma aparmadan vəsatəti müzakirəyə çıxarmayıb.

BAKU.WS
QALEREYA